UEFA Millətlər Liqasında rəqiblərimizi tanımağa, düzgün hazırlaşmağa, komandamızı formalaşdırmağa çalışmalıyıq. Qarşıda xeyli vaxtımız var. Oyunlara qədər daha güclü, mehriban komanda qurmağı bacaracağımıza inanıram.
Teleqraf.com xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov yanvarın 24-də UEFA Millətlər Liqasının püşkatma mərasimi ilə bağlı AFFA-nın saytına açıqlamasında deyib.
Q.Qurbanov bildirib: “Püşkdən əvvəl komandalar arasında hansısa seçim etdiyimi deyə bilmərəm. Çünki heç vaxt belə məsələlər haqda düşünməmişəm. Püşk bir lotereyadır. Artıq rəqiblərimizi tanıyırıq. Bütün diqqətimizi və işlərimizi bu istiqamətə yönəldəcəyik. Bu gün dünya futbolunda hər cür nəticələrlə qarşılaşırıq. Zəif hesab etdiyimiz komanda belə güclü rəqibindən xal almağı bacarır”.
Baş məşqçi deyib ki, Milləttlər Liqası ilk dəfə keçiriləcək. Hər kəsin gözü bu yarışdadır və çalışacaqlar şanslarından maksimum istifadə etsinlər. Başqa yarış olsaydı, bəlkə də indiki rəqiblərimizə qarşı oynamaq rahat olardı. Ancaq Avropa çempionatına yollanmaq baxımından komandaların hamısı şansından sona qədər istifadə etməyə çalışacaq, mübarizə aparacaq. Biz də həmin komandalardan biriyik. Əlbəttə, hər addımda rəqiblərimizə qarşı diqqətli olmalı, onları düzgün dəyərləndirməliyik. Bu komandalardan bəziləri ilə müxtəlif vaxtlarda qarşılaşmışıq, uğurlu və ya uğursuz nəticələrimiz var. Azarkeşlərimizə milli komandanı dəstəklədiklərinə görə təşəkkür edirəm. İnanıram ki, millimizin uğur qazanması üçün yenə birləşəcəyik.