3 Mart 2018 23:25
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxaq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantino, martın 2-də jurnalistlərə açıqlamasında İrana səfərindən, Prezident Həsən Ruhani ilə görüşündən və iranlı qadınların stadionlara girişinə qoyulan qadağadan danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İsveçrənin Sürix şəhərində Tehrana rəsmi səfərinin nəticələrini jurnalistlərə açıqlayan İnfantino səfər əsnasında Həsən Ruhani ilə görüşdüyünü və ondan iranlı qadınların stadionlara girişinə qoyulan qadağanın aradan qaldırılmasını tələb etdiyini açıqlayıb.

Onun sözlərinə görə, Həsən Ruhani bu qadağanın tezliklə aradan qaldırılacağını vəd edib:

“FİFA-nın İran hökumətinin qadınların stadionlara girişinə qoyduğu qadağa qarşısında iki yolu var. Bunu pisləmək, ya da bu kimi qadağaların aradan qaldırılması üçün İran rəhbərləri ilə danışıqlar aparmaq və problemin həlli üçün yollar axtarıb tapmaq. Biz isə bu iki variantdan ikincisini, yəni məsələnin həlli üçün İran hökuməti ilə müzakirələr aparmaq yolunu seçmişik. Martın 1-də Tehranın "Azadlıq" stadionunda “Perspolis” və “İstiqlal” komandaları arasında keçirilən matçı yaxından izləmək üçün stadiona girməyə cəhd göstərən bir neçə qadının həbs olunmasından da mənim xəbərim var. Bu isə təəssüfləndiricidir. Ümid edirəm ki, Ruhani bu barədə mənə verdiyi vədə əməl edəcək və biz bir daha bu kimi halların şahidi olmayacağıq”.

Qeyd edək ki, İran İslam Respublikasında qadınların stadionlara girişi qadağandır. Gizli və ya qanunsuz şəkildə stadionlara daxil olmağa çalışan qadınlar polis zorakılığına məruz qalaraq həbs edilir, təzyiq, təhdid və təqiblə üz-üzə qalırlar.


Müəllif: Sara

Oxşar xəbərlər