19 Mart 2018 01:32
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 18-də futbol üzrə Türkiyə Superliqasının XXVI turunun növbəti oyunları keçirilib.

Teleqraf.com xəbər verir ki, çempionatda 50 xalla üçüncü yerdəki "Başakşehir" komandası eyni xala malik olan və ikinci sıradakı "Beşiktaş"ı qəbul edib. Oyunda meydan sahibləri "Beşiktaş"ı minimal hesabla (1:0) məğlub ediblər. Matçda yeganə qolu görüşün 28-ci dəqiqəsində ev sahibi komandanın hollandiyalı legioneri Eljero Elia vurub.

Bu qələbədən sonra başakşehirlilər xallarının sayını 53-ə çatdırıb və turnir cədvəlində bir pillə irəliləyərək rəqiblərini qabaqlayıblar. "Başakşehir", eyni zamanda, Superliqanın lideri olan "Qalatasaray" komandası ilə arasındakı xal fərqini birə qədər azaldıb.

Baş hakim Halil Melerin idarə etdiyi qarşılaşma bir sıra gərgin anlarla yadda qalıb. Görüşdə futbolçulara səkkiz sarı və bir qırımızı vərəqə göstərilib.

Digər oyunlarda "Trabzonspor" komandası "Yeni Malatyaspor"dan 4:1, "Konyaspor" isə "Kayserispor"dan 2:0 hesabı ilə üstün olub. "Alanyaspor" – "Göztəpə" matçı 1:1 hesabı ilə başa çatıb.

Hazırda çempionatda 26 turdan sonra turnir cədvəlinə hesabında 54 xal olan "Qalatasaray" başçılıq edir. "Başakşehir" 53 xalla ikinci yerdə qərarlaşıb. "Beşiktaş" 50 xalla üçüncü, "Fənərbağça" 48 xalla dördüncü, "Trabzonspor" isə 42 xalla beşinci pilləni tutur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər