Azərbaycanın bədii gimnastika üzrə komandası Fransanın Tiye şəhərində baş tutan ənənəvi Qran-pri yarışlarında çöxnövçülük proqramında bürünc medala sahiblənib.
Teleqraf.com AGF-yə istinadən xəbər verir ki, 16 ölkənin iştirak etdiyi turnirdə Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Ayşən Bayramova, Zeynəb Hümmətova və Ayna Cəfərovadan ibarət qrupumuzun ilk icra etdiyi 3 top-2 iplə kompozisiya onlara 15.050 xal qazandırıb.
Növbəti çıxışlarını daha uğurla yerinə yetirən bədii gimnastlarımız 5 halqa ilə kompozisiyaya görə isə hakimlərdən 17.050 xal almağa müvəffəq olublar.
Bununla da iki hərəkətin yekununda hesaba 32.100 xal yazdıran komandamız yalnız İtaliya və Ukrayna təmsilçilərindən geri qalaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər.