1 Aprel 2018 23:39
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 1-də futbol üzrə Türkiyə Superliqasının XXVII turunun növbəti oyunları keçirilib.

Teleqraf.com xəbər verir ki, turnir cədvəlinin birinci pilləsində qərarlaşan “Qalatasaray” komandası öz meydanında “Trabzonspor”la qarşılaşıb. Oyunda hesabı Sofian Fequlinin 7-ci dəqiqədə vurduğu qolla ev sahibləri açıblar– 1:0. Matçın 60-cı dəqiqəsində “Qalatasaray”ın hücumçusu Bafetimbi Qomis aşırma zərbə ilə hesab arasındakı fərqi ikiyə çatdırıb - 2:0. Bu, cari çempionatın bombardirinin Superliqadakı 26-cı qolu olub. Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə qonaq komanda hesab arasındakı fərqi azaldıb - 2:1. “Cim-bom”un qapısından topu Yuray Kuçka keçirib.

Beləliklə, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 2:1 hesabı ilə İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

“Türk Telekom Arena”da keçirilən oyunu 47 minə yaxın tamaşaçı izləyib.

Xatırladaq ki, Fatih Terimin baş məşqçisi olduğu komanda bu mövsüm səfərdə oynadığı görüşdə “Trabzonspor”a 1:2 hesab ilə məğlub olmuşdu.

Bugünkü oyundakı qələbədən sonra İstanbul təmsilçisi xallarının sayını 57-yə çatdıraraq turnir cədvəlinin birinci pilləsindəki mövqeyini qoruyub. Ondan bir xal geri qalan “Başakşehir” ikinci yerdə qərarlaşıb. Hesabında 53 xal olan “Beşiktaş” üçüncü, “Fənərbağça” 48 xalla dördüncü, “Trabzonspor” isə 42 xalla beşinci pilləni tutur.

Bu gün keçirilən digər oyunlarda “Kasımpaşa” səfərdə “Göztəpə”yə 2:0, “Başakşehir” isə “Akhisar”a 2:1 hesabı ilə qalib gəlib. “Osmanlıspor” – “Konyaspor” görüşündə hesab açılmayıb - 0:0.

Tura aprelin 2-də keçiriləcək “Kayserispor” – “Fənərbağça” matçı ilə yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər