“Liverpul” forması ilə həm İngiltərə Premyer Liqasının, həm də Çempionlar Liqasının altını üstünə gətirən Məhəmməd Salah bu axşam “Mançester Siti”nin qarşısına çıxacaq.
Teleqraf.com misirli futbolçunun uğur hekayəsini təqdim edir:
Misin paytaxtı Qahirədəki gənclər liqasında “El Mokavlun”un 16 yaşdan aşağı komandası ENPPİ 4:0 məğlub edərkən təqvim 2008-ci ili göstərirdi. Salahın çıxış etdiyi komanda qalibiyyət əldə etsə də, sol cinahda oynayan gələcək ulduzun üzü gülmürdü. Soyunma otağında göz yaşlarına hakim ola bilmirdi. Çünki 5 dəfə müdafiəni yarıb keçmiş, qapıçı ilə qarşı-qarşıya qalmış, ancaq heç bir zərbəni qola çevirə bilməmişdi. Baş məşqçi Səid Əl-Şişi iki şey etdi: öncə 15 yaşlı Salaha özünü daha yaxşı hiss etməsi üçün 25 misir poundu verdi, daha sonra onu bir daha sol cinahda oynatmayacağını dedi. Baş məşqçi ulduz oyunçunun irəli mövqelərdə daha yaxşı performans göstərə biləcəyini inanmışdı. Salah artıq sağ qanada keçəcəkdi.
“Liverpul”un rəsmi saytına müsahibə verən Məhəmməd uşaq ikən ən böyük kumirlərinin braziliyalı Ronaldo, Totti və Zidan olduğunu deyib. 14 yaşında ikən ilk müqaviləsinə imza atan Salah o günləri belə xatırlayır:
“Evdən məşqə gedib-gəlməyin 4,5 saat vaxtımı alırdı. Məşqə qatıla bilmək üçün məktəbi buraxmalı oldum. Sonra məktəbdən dedilər ki, 2 saat gəl otur, sonra məşqə gedərsən. Mən də 2 saat məktəbə gedib, sonra idmana qaçırdım. Günüm məktəb, yol, məşq, geri dönüş, yemək və yatmaqla keçirdi. Çox çətin idi, amma çox da gənc idim. Futbolçu olmaq, böyük biri olmaq istəyirdim. Özəl biri olmaq istəyirdim... Futbolçu olmasaydım, nə olardım, heç bilmirəm. Həyatımdakı hər şeyi mənə futbol verdi”.
15 iyun 1992-ci ildə Naqriq şəhərində dünyaya gələn futbolçu ilk rəsmi liqa matçına “Əl Mokavlun” komandasının forması ilə çıxıb. Qısa müddətdə komandanın ən önəmli oyunçusu olan Salahın karyerası “Əl Əhli” və “Əl Masri” komandaları arasında oynanan, onlarla insanın ölümü, yüzlərlə insanın yaralanması ilə nəticələnən matçdan sonra Avropaya doğru istiqamət almağa başladı. Hadisəyə görə Misir Premyer Liqasının 2011-2012 mövsümü ləğv edildiyi üçün Salah oyunsuz qalır. İsveçrənin “Bazel” komandasının Misirin 23 yaş milli komandası ilə təşkil etdiyi dostluq matçında Salah bütün diqqətləri özünə çəkməyi bacarır. Matçda 2 qol vuran Salah “Bazel” tərəfindən 4 illik müqavilə təklifi alır. İki mövsüm çempion olan Salah 20 qol vurur. “Bazel”in 2012-2013 mövsümü Avropa Liqasının yarımfinalında “Çelsi”yə qarşı oyunu Salah üçün də uğurlu olur. O, “Çelsi”yə qol vurur. Ancaq o, dil baxımından əziyyət çəkdiyini və tək olduğu üçün çətin anlar yaşadığını çəkinmədən etiraf edir:
“İsveçrə haqqında heç nə bilmirdim. Psixoloji baxımdan çətin günlər yaşadım. İngilis dili bilmirdim. Sifariş verəndə hansı yeməyi söyləyəcəyimi belə bilmirdim. Tezliklə ingilis dilində başladım, amma o da yarım qaldı. Vaxtım yox idi. Bununla belə, “Bazel” olmasaydı, mən belə bir futbolçu olmazdım.
Salahı bu matçlarda kəşf edən “Çelsi” 16,5 milyon qarşılığında onu heyətinə qatır. Xose Mourinyonun gözünə girməyi bacarmayan futbolçu 2015-2016 mövsümündə “Fiorentina”ya göndərilir. 26 matçda 9 qol vuran Salah formasına qovuşur və 2016-2017 mövsümündə “Roma”ya icarəyə verilir. Karyerasındakı ən sürətli çıxışı məhz burada olur. Salah İtaliya təmsilçisinin forması ilə 41 matçda 19 qol vurur. Mövsümün əvvəlində “Liverpul”a keçən misirli futbolçu bu ölkənin millisinin də vazkeçilməzi olur. Bu il Afrika Milli Kubokunun finalında məğlub olan Misirdə turnirin ən gözə çarpan furbolçularında olur. O, millidə çıxdığı 56 matçda 32 qol vurub.
2018 Dünya Çempionatı Afrika seçməli çərçivəsində E qrupunda mübarizə aparan Misir 5-ci matçında Konqonu qəbul edir. Bu matçda Salah bir xalqın arzusunu gerçəyə çevirir. Matçda 2 dəfə komandasının kritik mərhələdən üzüağ çıxaran Salah son dəqiqələrdə göstərdiyi şousu ilə komandasının Rusiya biletini qazanmış olur. Beləliklə, Misir 28 ildən sonra Dünya Çempionatına qatılma şansı əldə edir.
“Liverpul” azarkeşləri Salah üçün “bir neçə qol da vursa, mən də müsəlman olacam” bəstəsini söyləyir. (Publika.az)