Dünyaca məşhur futbol ulduzu Canluici Buffon aprelin 11-də Çempionlar Liqasının ¼ finalı çərçivəsində keçirilən “Yuventus” – “Real Madrid” oyunun son dəqiqələrində qırmızı vərəqə aldı. Buna səbəb hakimin “qoca senyora”nın qapısına təyin etdiyi penalti oldu. 40 yaşlı qapıçı karyerası ərzində ilk dəfə idi ki, ÇL-də meydandan qovulurdu. Oyundan sonra jurnalistlər qarşısına çıxan Buffon oyunun hakimi Maykl Oliveri “heyvan” adlandırdı.
Teleqraf.com xəbər verir ki, böyük oyunlarda oxşar hadisələr tarix boyu bir neçə dəfə təkrarlanıb. Həmin hadisələrin bəzilərini təqdim edirik:
1. 1990-cu ildə keçirilən futbol üzrə dünya çempionatının 1/8 finalı çərçivəsində Niderland və Almaniya yığmaları üz-üzə gəlib. Qarşılaşmanın 20-ci dəqiqəsində holland futbolçu Frenk Raykard rəqib komandanın üzvü Rudi Fellerlə mübahisə edib. Mübahisə zamanı Raykard alman futbolçunun üzünə tüpürüb. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb və hər iki futbolçu meydandan qovulub. Bu oyun Feller üçün sonuncu olub və o, futboldan uzaqlaşdırılıb.
2. 1998-ci ildə İngiltərə futbol üzrə dünya çempionatının 1/8 finalı çərçivəsində Argentina millisi ilə qarşılaşıb. Həmin vaxt ingilis azarkeşlər məşhur futbolçu Devid Bekhema böyük ümidlər bəsləyirdilər. Oyun zamanı Argentina millisinin üzvü Dieqo Simyeone Behkemı arxadan itələyir. Yerə yıxılan Bekhem əsəblərinə hakim ola bilmir və Simyeoneyə badalaq vurur. Bu hadisə referinin gözləri önündə baş verir və Bekhem meydandan qovulur. Uzun müddət ingilis azarkeşlər Bekhemın bu səhvini bağışlaya bilmirlər. Həmin oyunda İngiltərə Argentina səddini keçə bilmir.
3. 1998-ci ildə təşkil edilən futbol üzrə dünya çempionatının yarımfinalında Fransa və Xorvatiya milliləri üz-üzə gəlib. Bu oyunun “qəhrəman”ı xorvat futbolçu Slaven Biliç, onun qurbanı isə rəqib komandanın üzvü Loran Blan olur. Oyunun 76-cı dəqiqəsində yerinə yetirilən cərimə zərbəsi zamanı Biliç başını tutaraq, yerə yıxılır. O iddia edir ki, Blan ona zərbə endirib. Hakim bu səbəbdən Blana qırmızı vərəqə göstərir. Təkrar epizodlarda heç bir qayda pozuntusunun olmadığı açıq görünür. Ancaq Blanın qovulması Fransanın qələbə qazanmasına mane olmur.
4. 2006-cı ildə keçirilən dünya çempionatının finalında İtaliya və Fransa yığmaları qarşılaşıb. Hazırda “Real Madrid” klubunun baş məşqçisi olan və o zamanların ulduz futbolçusu Zinəddin Zidan qarşılaşmanın əlavə hissəsinin 110-cu dəqiqəsində rəqib futbolçu Marko Materatsinin sinəsinə kəllə vurub. Buna səbəb isə italyan futbolçunun onu söyməsi göstərilib. Hakim Zidanı meydandan qovub. Bu qarşılaşmada İtaliyanın qapıçısı Canluici Buffon olub. Oyundan sonra Zidan karyerasını bitirdiyini açıqlayıb.
5. 2006-cı ildə keçirilən dünya çempionatında daha bir qalmaqal ¼ finalda baş verib. İngiltərə və Portuqaliya yığmaları arasında keçirilən oyunda meydan sahibinin futbolçusu Ueyn Runi rəqib komandanın üzvü Rikardo Karvalyoya qarşı kobudluq edir. Bu zaman portuqaliyalı ulduz Kriştian Ronaldo hakimin üzərinə qaçaraq, Runiyə qırmızı vərəqə verilməsini istəyir. Hakim Runini meydandan qovur. Həmin vaxt Runi və Ronaldo “Mançester Yunayted” klubunda çıxış edirdi. Qırmızı vərəqədən sonra ehtiyat oyunçular skamyasına yaxınlaşan Ronaldo kiməsə göz vurur. Runi bu hadisədən sonra bir daha Ronaldonun əlini sıxmayacağını deyir. Ancaq tərəflər arasında soyuqluq qısa sürür. Runi və Ronaldo bu hadisədən sonra daha 3 sezon “qırmızı şeytanlar”ın formasını geyinir.
6. 2010-cu ildə keçirilən futbol üzrə dünya çempionatının ¼ finalı çərçivəsində Uruqvay və Qana milliləri arasında baş tutan qarşılaşmada maraqlı anlar yaşanıb. Uruqvaylı futbolçu Luis Suarez rəqib futbolçunun qapıya başı ilə vurduğu zərbəni əlləri ilə qaytarıb. Bu zaman hakim ona qırmızı vərəqə göstərib. Buna baxmayaraq, Uruqvay komandası yarımfinala vəsiqə qazana bilib.