17 May 2018 01:25
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

"U-20 yığmasının ilk oyunu idi. Çalışdılar ki, qələbə ilə başlasınlar, amma hardasa 5-7 dəqiqəni uduzdular. Maraqlı alındı, darıxdırıcı matç olmadı. İlk hissədə yaxşı qol imkanları oldu, ikinci hissədə ümumiyyətlə, qolların arasındakı vaxtı çıxsaq, yaxşı oynadılar. Razı qaldım, yaxşı düşünülmüş əks hücumlar edirdik. Bəzi oyunçulardan razı qaldım. Bununla belə, bir neçə gündü yığışmış, normal komandadır".

Teleqraf.com xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov 20 yaşadək futbolçulardan ibarət yığmanın Gürcüstandan olan həmyaşıdlarına 1:2 hesabı ilə uduzduğu yoldaşlıq görüşünü dəyərləndirərkən deyib.

46 yaşlı mütəxəssis digər sualları da cavablandırıb...

- Bu oyunda sizi ən çox narahat edən nə oldu?
- Dediyim kimi, ikinci hissədə 5-7 dəqiqə oyuna nəzarəti itirdik, başqa ciddi bir şey olmadı.

-Legioner oyunçular meydanda digərlərindən fərqlənirdilər?
- Bəzi oyunçular fərqlənir. Məsələn, Ziyanın düşüncəsi, ağlı, oyunu aparmağı mənim üçün maraqlı oldu. Ozancan Kökcü sonradan girdi. Aqressivlik və sürəti diqqət çəkir. Fərid və Kamran da pis deyildi. Hər oyunçunun özünəxas xüsusiyyyətləri var və fərqlənirdi.

- Rəşad Sadıqov komandasının buraxdığı hər iki qoldan sonra əsəbləşdi. Amma siz “Qarabağ”ın oyunlarında qapınızda qol görəndə daha sakit və soyuqqanlı olursunuz. Bu yaşla, yoxsa xarakterlə əlaqədardır?
- Rəşada həmin vaxt baxmadım, amma səhvlər varsa, etiraz da olacaq. Normaldır. Ümumiyyətlə, gənclər daha çox səhvlər edirlər. Bəlkə biz də onun yerində olsaq, həmin reaksiyanı verərdik.

- Sizə elə gəlmirmi ki, bu komanda U-21-ə nisbətən daha istəklidir?
- Bugünkü futbolda istəkli və aqressiv olmaq ən vacib amillərdən biridir. Görünür Rəşad bunu komandasına aşılaya bilib.

- Milli komandanın heyətini nə vaxt açıqlayacaqsınız?
- Mayın 21-də. Artıq 20-də üç oyun baş tutacaq. Bircə “Qarabağ”ın “Qəbələ” ilə matçı qalacaq. Günün ilk yarısında heyət elan olunacaq.

- Millinin oyunu olsa da, “Qarabağ” barədə də sualımız var. Bəzi oyunçuların komandadan gedəcəyi deyilir. Heyətdə dəyişikliklərə başlamısınız?
- Hələ heç bir oyunçu ilə bağlı qərar verməmişik. Kim komandada qalacaq, kim gedəcək, onların hər biri ilə təkbətək söhbət edilib, özlərinə elan olunacaq.

- Əfran İsmayılov hələ komandadır?
- Bəli, ayın 21-nə kimi komandamızın oyunçusudur.


Müəllif: Teleqraf.com