16 İyul 2018 13:46
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, qurumun İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili dünən başa çatan futbol üzrə Dünya Çempionatının iqtisadi tərəfləri ilə bağlı bəzi maraqlı məqamları açıqlayıb.

Teleqraf.com xəbər verir ki, deputat adətən həm “Adidas”, həm də “Nike”ın öz brendlərinin satışı üçün sponsorluq məqsədilə turnirdə qalib gələ biləcək komanda və oyunçuları seçdiklərini bildirib:

“Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatında komandalardan 12-si “Adidas”, 10-u isə “Nike” loqolu geyimlərdə meydana çıxmışdı. “Nike” hər il Fransa Futbol Federasiyasına onun loqosunu istifadə etdiyinə görə 50 milyon dollar ödəyir. Həmçinin, İngiltərə və Braziliya Futbol Federasiyalarına sponsorluq haqqı kimi on milyonlarla dollar verir.

“Adidas” isə hər il Almaniya Futbol Federasiyasına 58 milyon dollar, İspaniyaya 47 milyon dollar, Argentinaya 11 milyon dollar sponsorluq haqqı kimi ödəyir”.

T.Mirkişili daha “Bəs onlar nə qədər qazanırlar” sualına da cavab verib:

“Bundan öncəki, yəni 2014-cü ildə keçirilən Dünya Çempionatı ərəfəsində “Adidas” Almaniya millisinin 14,2 milyon ədəd köynəyini (T-Shirt) satıb. Bir köynəyin qiymətinin orta hesabla 66 dollar olduğunu nəzərə alsaq, onda “Adidas”ın yalnız Almaniya milli komandasından gəliri 937,2 milyon dollar olub.

2014-cü il dünya çempionatı ərəfəsində “Adidas”ın futbol köynəklərinin satışından əldə etdiyi ümumi gəlir 2,4 milyard dollar olub. Onu da deyim ki, bunlar şirkətin PR marketinqinin açıqladığı rəsmi rəqəmlərdir. Sözügedən şirkətlərin dünən başa çatan çempionatdan əldə etdiyi gəlirin məbləği hələlik açıqlanmayıb. Ancaq həmin rəqəmin ötən dəfəki rəqəmlərlə eyniyyət təşkil edəcəyi proqnozlaşdırılır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər