22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində ilk yarış günü arxada qalıb.
Azərbaycan Ağır Atletika Federasiyasından Teleqraf..com-a verilən məlumata görə, 40-a yaxın ölkədən 388 atletin iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Milandakı birincilikdə Azərbaycan yığma komandası da iştirak edir.
17 yaşa qədər oğlanlarda 50 kq çəki dərəcəsində Ömər Cavadov birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 88 kq nəticə göstərib. Bununla Cavadov bütün rəqiblərini üstələyib və bu hərəkətdə qızıl medal qazanıb. Ömər uğuru təkanla qaldırma hərəkətində də davam etdirib. Atletimiz bu dəfə 102 kq-ı ram edərək bu hərəkətdə Avropa ikincisi olub.
Toplam 190 kq (88+102) nəticə göstərən Ömər Cavadov yekun sıralamada da Avropa birinciliyinin qalibi adını qazanıb.