"Rəqibi qələbə münasibətilə təbrik etmək istərdim. Bu komanda hər iki matçda intizamlı oyun sərgilədi. Biz də yaxşı təsir bağışladıq. Komandamdan razıyam".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Belarusda BATE ilə 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
İlk görüşdə 0:1 hesabı ilə uduzması səbəbindən Avropanın ən nüfuzlu klub turnirində mübarizəni dayandıran Azərbaycan təmsilçisinin baş məşqçisi bildirib ki, artıq hər şey keçmişdə qalıb. O, Avropa Liqasının "play-off" qarşılaşmalarına hazırlaşmağın gərəkliyini vurğulayıb.
Qurbanov hakimlərin oyunun tempini aşağı salan mübahisəli qərarlarından bəhs etmək istəməyib: "Hakimlik barədə danışmağı sevmirəm. Gəlin, irəliyə doğru gedək".
Baş məşqçi "Qarabağ"ın qapısında gördüyü hər iki qolun müdafiədən çıxış zamanı vurulduğuna dair sualı isə belə cavablandırıb:
"Deyiləcək bir söz yoxdur. Adətən, qollar səhvlərdən sonra vurulur. Heyətimizin yeniləndiyini və futbolçular arasında anlaşmanın lazımi səviyyədə olmadığını nəzərə almalıyıq".
BATE Çempionlar Liqasının "play-off" mərhələsində Hollandiya PSV-si ilə qarşılaşacaq. "Qarabağ" isə Avropa Liqasının "play-off" mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə görüşəcək. Moldovadakı ilk matçda "Şerif" 1:0 hesabı ilə qalib gəlib. İslandiyadakı cavab oyunu avqustun 16-da olacaq.