Azərbaycanda bədii gimnastika üzrə yarışlar ən yüksək səviyyədə keçirilir.
Bu barədə Trend-ə bədii gimnastika üzrə ukraynalı məşqçi Anjela Vasilenko bildirib.
A.Vasilenko deyib: "GymBala" bədii gimnastika üzrə beynəlxalq turnirinin təşkilini çox bəyəndim. Bakıda Milli Gimnastika Arenasının zalı möhtəşəmdir və çox gözəldir".
"GymBala" bədii gimnastika üzrə beynəlxalq turnirində A.Vasilenkonun 5 tələbəsi iştirak edir və məşqçinin sözlərinə görə, onların yarışlarda şanslarını qiymətləndirmək hələ ki çətindir: "Onlar fərqli çıxış edə bilərlər. Həm sevindirə bilərlər, həm də yox".
Ukraynalı məşqçi, həmçinin azərbaycanlı gimnastların çıxışlarını yüksək qiymətləndirib: "Qızlar yaxşı çıxış etdilər, məşqçilərinə əhsən".
Qeyd edək ki, avqustun 18-i Milli Gimnastika Arenasında "GymBala" bədii gimnastika üzrə beynəlxalq turniri start götürüb.
Beynəlxalq turnir avqustun 19-dək davam edəcək.