Avqustun 18-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “GymBala” adlı beynəlxalq turnirin birinci gününə yekun vurulub.
Teleqraf.com xəbər verir ki, qrup hərəkətləri proqramında 2008-2010-cu il təvəllüdlü balacalar kateqoriyasında halqalar və toplar üzrə yarışlarda birinci yerə 20,500 xal ilə “Ocaq-3” yığması, ikinci yerə 19,300 xal ilə “Ocaq-4” yığması, üçüncü yerə isə 18,450 xal ilə Bakı Gimnastika Məktəbinin (BGM) yetirmələri layiq görülüb.
Qrup hərəkətləri proqramında 2006-2007-ci il təvəllüdlü yeniyetmələrin lentlərlə yarışlarında birinci yerdə “Ocaq-1” komandası, ikinci yerdə Bakı Gimnastika Məktəbi-5, üçüncü yerdə isə “Ocaq-2” atletləri qərarlaşıb.
Fərdi və qrup hərəkətləri proqramlarında 2011-2013-cü il təvəllüdlü atletlər də məharətlərini göstəriblər. İştirakçılar həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparıblar.
Günün birinci yarısında fərdi hərəkətlər proqramında 2009-2013-cü il təvəllüdlü atletlər kateqoriyasında çoxnövçülük üzrə qaliblər də mükafatlandırılıb.
Qaliblərə diplom və Azərbaycan Gimnastika Federasiyasının mükafatları təqdim olunub.
Yayın son gimnastika yarışında 130-dan çox, o cümlədən Bakı Gimnastika Məktəbinin, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə” idman klublarının, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin, eləcə də Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat, Şirvan təmsilçiləri ilə yanaşı, Qazaxıstandan, Ukraynadan və Misirdən olan gimnastlar da iştirak edir.
Beynəlxalq turnir sabah davam edəcək.