Müğənninin bütün mahnıları hitə çevrilmir. Həkimin bütün əməliyyatları uğurlu olmur. Eləcə də futbolda da daim qələbə qazanmaq mümkün deyil. Nə vaxtsa məğlubiyyət də olacaq. “Qarabağ”ın da ardıcıl 5-ci dəfə (ÇL və AL) avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanacağına inananlar çox deyildi.
Teleqraf.com xəbər verir ki, bunu futbol şərhçisi Sənan Şəfizadə deyib.
Şərhçi bildirib ki, “Qarabağ”ın Avro Liqaya vəsiqə qazanmasına inananların sayı çox deyildi:
“İstəyirdilər, amma inana bilmirdilər. Səfərdə 0-1 hesablı məğlubiyyətdən sonra çoxu inamını itirmişdi. Bu komanda həmişə qrup mərhələsinə vəsiqə qazanmayacaq. Nə vaxtsa alınmaya bilər, çətin durumda olduğu vaxt kluba sahib çıxmaq lazımdır. Bir oyundan sonra kiminsə məşqçilik bacarığına şübhəylə yanaşmaq, klubun artıq fiasko yaşadığını demək yanlışlıqdır. Onda gərək Almaniya mundialdan sonra Yoahim Lövü millidən qovardı. Bir qədər fərqli düşünmək lazımdır, dostlar.
Dünənki oyuna gəldikdə sanki futbolçularımız oyunuyla dəstək olanlara təşəkkür etmək istəyirdi. Filipin mübarizliyini, Vaqnerin soyuqqanlı çıxışlarını çox bəyəndim. Donald, Maksim, Mahir, Qara - bir sözlə, hamı ən yaxşını etməyə çalışırdı. 12-ci oyunçu isə möhtəşəm idi. 18 min azarkeş stadionda boş yerlərin olduğunu hiss etdirmədi. "Şerif" sanki "cəhənnəm"ə düşmüşdü. Sizin gur dəstəyinizə görə Badibanqa və Rodrigesin ayağı top tutmadı”.