Azərbaycanın tanınmış kempo-karate döyüş növü üzrə ikiqat dünya mükafatçısı Rüstəm Müslümov idman ustası adına layiq görülüb.
Teleqraf.com-a bu barədə idmançı özü məlumat verib.
Rüstəm Müslümov deyib ki, uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar: "Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmayıb, son illər ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilib.
Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir.
Aidiyyəti dövlət orqanları bu cür idman növləri ilə məşğul olan idmançılarımızın beynəlxalq yarışlarda iştirakını daim maliyyələşdirir, onları gələcək qələbələrə ruhlandırmaq üçün müxtəlif stimullaşdırıcı tədbirlər görürlər".
Rüstəm Müslümova idman ustası dərəcəsinin vəsiqəsini Gənclər və idman naziri Azad Rəhimov təqdim edib.
Rüstəm Müslümov onu idman ustası adı ilə təltif etdiyinə görə nazirə təşəkkürünü bildirib.