ABŞ-ın Nevada ştatının Atletika komissiyası UFC 229 turnirində irlandiyalı idmançı Konor Makqreqor üzərində qələbə qazanan rusiyalı Həbib Nurməhəmmədova qazandığı mükafatı ödəməyəcək.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda UFC-nin rəhbəri Deyna Uayt bildirib.
“O, bütün məbləği götürə bilməyəcək. Həbib öz çempionluq kəmərini saxlayacaq, ancaq diskvalifikasiya ediləcək. Ehtimal ki, bu, 4-6 ay müddətlik olacaq”, - o deyib.
Qeyd edilir ki, həmçinin rusiyalı ABŞ ərazisində döyüşlər keçirə bilməyəcək və başqa ölkələrdə yarışlara dəvət edilməyəcək.
Qeyd edək ki, Həbib Nurməhəmmədov qələbəyə görə 2 milyon dollar almalı idi. Uayt qeyd edib ki, idmançının 250 min dollar cərimə olunacağı gözlənilir.
Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.
Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.
Təkbətək döyüşün tamamlanmasından dərhal sonra Rusiya idmançısı rinqdən kənarda mübahisə edib və azarkeşlərin üzərinə hücum edib. Polis davanı dayandırmağı bacarıb. Bundan sonra UFC-nin başçısı Konor Makqreqorun komandasına xəbərdarlıq edib, həmçinin Rusiya döyüşçüsünün qonorarını dondurub.