“Bu gün oyunumuz alınmadı və nəticədə uduzduq”.
Bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda evdə “Sumqayıt”a 0:2 hesablı məğlubiyyətdən sonra deyib.
İtaliyalı mütəxəssis ikinci qolun onların oyununa mənfi təsir etdiyini bildirib:
“Çalışırıq öz oyunumuzu quraq. Rəqib də bizi əks-hücumda tutmağa çalışdı. Penaltini də əks-hücumda qazandılar. İkinci qol bizi "sındırdı". Bundan sonra işimiz daha da çətinləşdi. Qol epizodlarımız oldu ki, bunlara da düzgün reaksiya verə bilmədik”.
- Həm çempionat, həm də kubok matçında “Sumqayıt”a qalib gələ bilmədiniz. “Neftçi” sanki çempionluq ab-havasına tez girib...
- Kubokla çempionat fərqli yarışlardır. Çempionluq haqda düşünmək axmaqlıq olar. Təkrarçılıq olmasın, kubok tam başqa yarışdır.
- Buna qədər “Neftçi” bütün oyunlarda fərqlənə bilmişdi. “Sumqayıt” nədən istifadə edir ki, bu rəqibin qapısına yol tapa bilmirsiniz?
- Çempionat matçında olduğu kimi, bu gün də qol vəziyyətlərimiz oldu. Sadəcə, bir qədər dəqiqlik çatmadı. Bəzi epizodlarda isə rəqibin qapıçısı imkan vermədi.
- 0:2 hesabından sonra yarımfinal şansınızı necə dəyərləndirirsiniz?
- Öz meydanımızda uduzduğumuz üçün bizə çətin olacaq. Yenə də cavab görüşündə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.