Azərbaycan Yelkənli İdman Federasiyasının yığma komandası Omanda 2019-cu il üçün “Optimist” və “Laser” sinifləri üzrə təşkil olunan təlim-məşqlərdə və yarışlarda iştirak edəcək.
Dövlət Dəniz Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, tanınmış, beynəlxalq səviyyəli məşqçi Dragan Gasicin də iştirak edəcəyi təlim-məşqlərə və yarışlara Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri özəl olaraq dəvət olunub.
Təlim və yarışlarda Azərbaycanı “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, idmançılar Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Səxavət Əzimov, “Laser” sinfi üzrə isə məşqçi Tuğçə Subaşı, idmançılar Murad Allahverdi, İsmayıl Kərimov, Cavid Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni təmsil edəcəklər.
Xatırladaq ki, aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist" və "Laser" sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir.
Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir.
Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim-məşq düşərgələrində iştirak ediblər.
Qeyd edək ki, 23 ölkənin qatılacağı yarışlarda Azərbaycan yelkənçiləri “Optimist”, “Laser 4, 7” və “Laser radial” sinifləri üzrə iştirak edəcək.