18 Fevral 2019 01:00
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 17-də futbol üzrə Türkiyə Superliqasının XXII turu çərçivəsində turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Qalatasaray” komandası səfərdə “Kasımpaşa” ilə qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, meydan sahibləri matçın 14-cü dəqiqəsində misirli yarımmüdafiəçi Mahmud Trezegenin cərimə zərbəsindən vurduğu qolla hesabı açıblar - 1:0. Lakin ev sahiblərinin qol sevinci cəmi 8 dəqiqə çəkib. “Qalatasaray” görüşün 22-ci dəqiqəsində hesabı bərabərləşdirməyə nail olub. Səlcuq İnanın məhsuldar ötürməsini Younes Belhanda qolla tamamlayıb - 1:1. Oyunun 28-ci dəqiqəsində Sofiane Fequli “Qalatasaray”ı hesabda irəli çıxarıb - 2:1. Birinci hissə bu hesabla başa çatıb. Matçın 53-cü dəqiqəsində S.Fequli özünün ikinci, komandasının üçüncü qolunu vurub - 3:1. On beş dəqiqə sonra əlcəzairli futbolçu het-trik edib – 4:1.

Fatih Terimin yetirmələri bu qələbədən sonra xallarının sayını 42-yə çatdıraraq lider “Başakşəhər” ilə xal fərqini üçə endiriblər.

Gərgin anlar və çoxsaylı qayda pozuntuları ilə yadda qalan qarşılaşmada baş hakim Ali Palabıyık futbolçulara 8 sarı vərəqə göstərib.

Turun bu gün keçirilmiş digər oyunlarında “Ərzurumspor” klubu “Sivasspor”u (4:2), “Kayserispor” komandası “Göztəpə”ni (2:1) məğlub edib. Digər oyunda isə altıncı pillədəki “Trabzonspor” doğma meydanda gözlənilmədən “Alanyaspor”a məğlub olub – 0:1.

Hazırda “Başakşəhər” 45 xalla çempionatda vahid liderliyini davam etdirir. “Qalatasaray” 42 xalla ikinci, “Beşiktaş” isə 39 xalla üçüncü pillədə qərarlaşıb.

Tura fevralın 18-də keçiriləcək “Antalyaspor” – “Başakşəhər” matçı ilə yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər