"Səbail" əvəzedici komandasının bəzi üzvlərinin danışılmış oyunlarda iştirakı ilə bağlı mətbuatda yer alan xəbərlərə münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, paytaxt təmsilçisi rəsmi sayt vasitəsilə bəyanat yayaraq, iddiaları təkzib edib:
"Son günlər bəzi mətbu orqanlarda “Səbail-2” komandasının bir neçə üzvünün danışılmış oyunlarda iştirak etməsi ilə əlaqədar komandadan xaric olunması barədə əsassız və heç bir fakta söykənməyən informasiyalar dərc olunmaqdadır. İctimaiyyətdə “Səbail” PFK barədə yanlış fikirlərin formalaşmasına və klubumuzun imicinə zərər vurulmasına səbəb ola biləcək bu cür dəqiqləşdirilməmiş məlumatların fakt kimi təqdim olunmasını qəti şəkildə pisləyirik.
Məlumat üçün bildiririk ki, ötən ilin dekabr ayında həqiqətən “Səbail-2” komandasının üzvləri – Cəfər Əlizadə, Süleyman Mustafazadə, Emil Həsənzadə, Nurlan Rzazadə, Nazim Kərimli və Ağarəhim Kərimovun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Adı qeyd olunmuş futbolçuların komandadan ayrılmasına səbəb hər hansı danışılmış oyunlarda iştirakı deyil, “Səbail-2” komandasının məşqçilərinin korpusunda dəyişiklik baş verməsi və yeni məşqçi korpusunun heyətin komplektləşdirilməsi prosesində həmin futbolçuların xidmətinə ehtiyac duymamasıdır.
“Səbail” komandadan ayrılan futbolçulara gələcək karyerasında uğurlar arzulayır.
Son olaraq, ictimaiyyətə yanlış informasiyaların verilməməsi üçün “Səbail” ilə bağlı dərc olunan bütün məlumatların klubun mətbuat xidməti ilə dəqiqləşdirilməsini xahiş edirik".