Aprelin 6-da futbol üzrə Türkiyə Superliqasının XXVII turu çərçivəsində keçirilən oyunda “Qalatasaray” doğma meydanda “Yeni Malatyaspor”u qəbul edib.
“Türk Telekom Arena”da baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Oyunun 45-ci dəqiqəsində “Qalatasaray”ın hücumçusu Mbaye Diaqne hesabı açıb. Mbaye Diaqne 50-ci dəqiqədə Əmrə Akbabanın ötürməsini dəqiq yerinə yetirməklə özünün və komandasının ikinci qolunu da vurub. Mbaye Diaqne 89-cu dəqiqədə het-trikini və komandasının qələbəsini rəsmiləşdirib. Bu qol qonaqların bütün ümidlərini puç edib. Görüş 3:0 hesabla bitib.
Bu oyundan sonra “Qalatasaray” turnir cədvəlində 55 xalla 2-ci pillədəki yerini qoruyub. Malatya təmsilçisi isə 37 xalla 5-ci olub.
Günün digər qarşılaşmasında "Alanyaspor" doğma meydanda "Bursaspor"u minimal hesabla (1:0) məğlub edib. "Kayserispor" isə səfərdə 3:1 hesabla "Sivasspor" üzərində qələbəsini rəsmiləşdirib.
Türkiyə Superliqasında XXVII turun digər oyunları aprelin 7 və 8-də keçiriləcək.