Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 3 mərhələdən ibarət 2.2 kateqoriyalı “Qara Dəniz Turu”nun Rize ve Giresun şəhərləri arasındakı 208 km-lik 2-ci mərhələsində Azərbaycan yığması daha bir nailiyyətə imza atıb.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, məsafəni 4 saat, 41 dəqiqə, 28 saniyəyə başa vuran milli üzvü Samir Cəbrayılov bununla da finişi 3-cü keçib və Tokio-2020 Yay Olimpiya Oyunlarına daha 1 lisenziya xalı qazanıb. Digər velosipedçi Elçin Əsədov bu dəfə 11-ci olub.
İki mərhələdən sonra ümimi təsnifatda 2 velosipedçi ilk 10-luqda qərarlaşır – Samir Cəbrayılov 2-ci, Elçin Əsədov isə 7-cidir. Onlar 1-ci mərhələdə müvafiq olaraq 2-ci və 6-cı olmuşdular.
Veloturun sonuncu, 3-cü mərhələsində iştirakçılar 163 km məsafə qət edəcəklər.
Qeyd edək ki, heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Mahmud Məmmədov, Kərim Şirəliyev və Mikayıl Səfərlidən ibarət yığma komanda yarışda baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında mübarizə aparır.