Teleqraf.com Azərbaycanın təcrübəli futbol mütəxəssisi, əməkdar məşqçi Ağasəlim Mircavadovla müsahibəni təqdim edir:
- Ağasəlim müəllim, mayın 29-da Bakıda Avropa Liqasının finalında “Arsenal” və “Çelsi” komandaları görüşəcək. Final oyununun Bakıya salınmasına münasibətiniz maraqlı olardı...
- Əlbəttə, bu, böyük futbol bayramıdır. Yəni futbolu sevənlərin, azarkeşlərin bayramıdır. Gəlin, doğru danışaq, biz neçə illərdir belə final oyunlarını ancaq ekranlardan izləmişik. Mayın 29-da isə belə mötəbər final maçını öz stadionumuzda izləyə biləcəyik. Bunun özü gənc oyunçularımıza və məşqçilərimizə də əlavə stimul verəcək.
- Ancaq oyunun Bakıya salınmasından sonra bəzi xoş olmayan proseslər də yaşandı. Siz bu prosesləri necə qiymətləndirirsiz?
- Bəli, xüsusilə, son 15 gündə axmaq hərəkətlərin şahidi olduq. Əslində Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi bir il əvvəldən bəlli idi. Bəs nədən indi danışıb Azərbaycanı qaralamağa cəhd edən insanlar o zaman danışmadılar? Bu, olduqca çox maraqlıdır. Məsələn, məni daha çox “Liverpul” klubunun rəhbəri Jurgen Kloppun fikirləri qayğılandırdı. Mənim ona hörmətim olsa da, fikirləri məni qane etmədi. Niyə? Çünki Azərbaycan futbol ölkəsidir, SSRİ dönəmində bizdə güclü futbolçular olub və SSRİ yığmasında oynayıblar. Klopp bu haqda niyə danışmır. Əgər məlumatlı deyilsə, tarixə baxsın. Azərbaycanda “Liverpul” klubuna azarkeşlik edənlər həddən artıq çoxdur. Amma klubun məlum hərəkətindən sonra buradakı azarkeşlərini itirdilər.
İkincisi, hesab edirəm ki, bizi sevməyən qüvvələr bu məsələlərdə ürək bulandırırlar. Hərçənd indiyə qədər Bakıda nə qədər mötəbər beynəlxalq yarışlar olubsa, hamısı yüksək səviyyədə keçirilib. Mən Avropa və Dünya çempionatlarını, habelə İslam Oyunlarını, Avropa Yay Oyunlarını nəzərdə tuturam. Mən bu yarışların çoxunda olmuşam və qonaqların, bura gələn mütəxəssislərin fikirlərini soruşmuşam. Azərbaycan bu yarışların hamısını yüksək səviyyədə keçirib. Aprelin sonlarında bizdə Formula oldu. Bu yarışı hər ölkəyə vermirlər. Gördüyünüz kimi, bizdə Formula da böyük maraqla izləndi və yüksək səviyyədə keçirildi.
Üçüncüsü, mən tam əminəm ki, mayın 29-da final oyunu yüksək səviyyədə keçiriləcək. Yəni Azərbaycan tərəfindən sakitlik, maraq və hörmətlə matça baxılacaq. Azərbaycan xalqının qonağı necə qəbul etdiyini bütün dünya bilir. Bu mənada yarış yüksək səviyyədə keçiriləcək.
Nəhayət, hesab edirəm ki, son dövrlər bu finalın Bakıda keçirilməsi haqqında xoş olmayan mövqelər səsləndirənlər sadəcə öz səviyyələrini göstərirlər.
“Arsenal” klubunun məşqçisi də müsahibə verib. Ancaq iş ondadır ki, bu məşqçi 4-5 ay əvvəl Bakıda olub, “Qarabağ”la oynayıb. Bəs o zaman nədən səsini çıxarmırdın? Belə maraqlı nüanslar var.
- “Arsenal”ın Henrix Mxitaryanı Bakıya gətirməməsi nə ilə bağlı ola bilər?
- Bunun bilavasitə bizimlə, oyunun Bakıda keçirilməsi ilə əlaqəsi ola bilməz. Bizdə indiyə qədər yüksək səviyyəli idman yarışları olub və bu yarışlarda erməni atletlər də iştirak edib. Və onlara qarşı da münasibət yüksək səviyyədə olub. Yəni yarışlarda iştirak ediblər və çıxıb gediblər. Bu faktdır. Ancaq iş ondadır ki, hələ qrup mərhələsində Mxitaryan “Qarabağ”la oyuna gəlməmişdi. Mən belə başa düşürəm ki, klubun özü belə istəyir. Hesab edirəm ki, bunu şişirtmək lazım deyil. Bu klubun daxili işidir və özləri bilər. Bizlər də bunu təbii hal kimi qəbul etməliyik.
- Bu klubun qərarıdır, yoxsa Mxitaryanın ?
- Kontraktlarda bəzi məqamlar açıq-aydın yazılır. Məncə, klub istəmir ki, Mxitaryan gəlsin. Bilirsinizmi, azarkeşlər onu fitə basa bilərlər. Sözsüz ki, oyun zamanı sakitlik olacaq, amma azarkeşlər istədiyi futbolçunu fitə basa, istədiyini alqışlaya bilər. Buna da normal baxılmalıdır. Məncə, indiki halda klub özü bu qərarı verib. Ancaq Mxitaryan məsələsini qabardanlar nədənsə unudurlar ki, bu klubun digər bir oyunçusu da Məsud Özildir. Azərbaycanda Məsud Özil sevilir, onun azərkeşləri və fanatları çoxdur. Mənim fikrimcə, klubun özü bu cəhətdən, yəni Azərbaycan azarkeşlərini özlərinə tərəf çəkmək üçün Məsud Özildən istifadə edəcəklər. Mümkündür ki, buna görə Mxitaryanı Bakıya gətirmir.
- Normalda ingilislər Azərbaycan futbolunu, onun xadimlərini daha çox tanımalı və hörmətlə yanaşmalı olduğu təqdirdə bunun əksini müşahidə etdik. Doğurdanmı ingilislər məhz azərbaycanlı hakim Tofiq Bəhramovun sayəsində sonuncu dəfə 1966-cı ildə dünya çempionu olduqlarını bilmirlər?
- Yox, onlar məlumatlıdır. Burada erməni lobbisi məsələsi də var. İngilislər tarixə diqqət etsələr, görəcəklər ki, onlarla Azərbaycan arasında hər zaman çox yaxşı əlaqələr olub. 1966-cı ildə Tofiq Bəhramovun ingilislərin dünya çempionu olmasında xüsusi rolu olub. Bəli, buŞ həqiqətdir. Biz Tofiq Bəhramovun ingilislərin xeyrinə qolu qeydə aldığı oyunun təkrarına 1973-cü ildə baxmışıq . Kadrlardan topun qapı torunu keçdiyi göstərilir. Ancaq bunu oyun zamanı hakimin görməyi və məsuliyyəti üzərinə götürərək qərar verməsi artıq fitri istedadla bağlı məsələdir, peşəkarlıqdır.
- Final oyunun Bakıya salınması UEFA-nın qərarıdır. Sizcə, burada məqsəd nədir?
- Mən səhv etmirəmsə, sabah və ya birisi ün UEFA İcraiyyə Komitəsinin Bakıda iclası keçiriləcək. Bu komitənin onlarla üzvü var və başqa-başqa ölkələrdən paytaxtımıza gələcəklər. Oyunun Bakıya salınmasında məqsəd həm də Azərbaycanda futbolun inkişafına stimul verməkdir.
Unutmayaq ki, biz namizədliyimizi irəli sürəndə Çempionlar Liqası və Avropa Liqasını nəzərdə tutmuşduq. Sonradan UEFA prezidenti Bakıya səfər elədi, stadionla tanış oldu və cənab prezidentimizlə görüşdü. Prezidentin yüksək səviyyədə iş görəcəyini, bu yarışın arzu edilən şəkildə keçirilməsi üçün addımlar atacağını bilib. Üstəlik Azərbaycanda futbol sevilən idman növüdür. Bu iki amil yarışın Bakıya salınmasında əhəmiyyətli rol oynayıb. Hesab edirəm ki, mayın 29-da keçirilən final oyunundan sonra Bakıda və regionlarımızda minlərlə uşaq futbola gələcək. Final oyunu məntiqlə ölkəmizdə futbolun inkişafına stimul verməlidir və mən bunu gözləyirəm.
- Bakıda keçiriləcək final oyununun nəticəsinə dair proqnozunuz necədir?
- “Çelsi” Çempionlar Liqasını qazanıb, “Arsenal” isə yox. UEFA-nın qərarına görə, Avroliqa çempionu gələn ildən Çempionlar Liqasının qrup mərhələsində oynayacaq. Bu “Arsenal”a böyük şans tanıyır. Milli çempionatlar ərəfəsində bu komandalar daim üz-üzə gəliblər, hər iki klubun udduğu və uduzduğu oyunlar olub. Kimin qalib gələcəyini mən deyə bilmərəm. Onu deyə bilərəm ki, bu oyunda futbolçuların psixoloji durumu böyük rol oynayacaq. Unutmayaq ki, İngiltərə çempionatı 10 gün əvvəl başa çatıb və oyunçuların hazırlanması dövründə 10 günün böyük rolu var. Hansı məşqçi doğru davranıb futbolçuları final oyununa hazırlayaraq kökləyibsə, qalib gələcək. Ancaq reallıqda şanslar 50-nin 50-yədir.