"Əlbəttə, çox sevinirəm ki, qalib oldum. Bu dəfə Avropa Oyunlarında da qızıl medal qazandım. Rəqiblərim arasında ən önəmlisi bir neçə dəfə məğlub olduğum Vladimir Xinçeqaşvili idi. O cümlədən, Rio-2016 Yay Olimpiya Oyunlarında da ona uduzmuşdum".
Bunu "Minsk 2019" II Avropa Oyunlarında qızıl medal qazanmış Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev "Report"a açıqlamasında deyib.
65 kq çəki dərəcəsində finalda gürcüstanlı Vladimir Xinçeqaşviliyə qalib gələn 28 yaşlı pəhləvan Olimpiya dünya və üçqat Avropa çempionunu məğlub etməklə, tilsimi qırdığını bildirib: "Mənə elə gəlir ki, artıq tilsimi qırdım. Çünki həm Avropa Oyunlarının qalibi oldum, həm də ona qarşı baryeri aradan qaldırdım. Dünən ermənilərə, bu gün isə belə rəqibə qalib gəlmək, mənim üçün həqiqətən də çox sevindiricidir. Avropa Oyunlarında mübarizəyə başlamazdan öncə səhhətimdə bir qədər problem olduğu üçün döyüşlərdə çətinlik çəkdim. Amma bu gün vəziyyətim 99 faiz müsbətə doğru dəyişmişdi. İnanın ki, qələbə üçün çox istəkli idim. Mənə elə gəlir ki, qalib gəlməkdən ötrü hər şeyi etdim və rəqibə heç bir şans vermədim. O, son dünya çempionatında üçüncü olmuşdu. Bununla belə Minskdə rusiyalı güləşçiyə qalib gəldi".
Bakı-2015-in bürünc medalçısı qeyd edib ki, növbəti Avropa Oyunlarında da uğurlu çıxışını davam etdirmək arzusundadır: "İlk Avropa Oyunlarında bürünc medal qazanmışdım. Bu, ölkəmizdə keçirildiyi üçün doğma publika qarşısında bir qədər həyəcanlı idim. Xatırlayırsınızsa, Bakıda da ilk görüşümü erməniyə qarşı keçirmişdim. Üzərimdə böyük yük vardı. Sevinirəm ki, II Avropa Oyunlarında qızıl medal qazandım. Bundan sonra da analoji yarış keçirildikcə Bakı yada düşəcək. Gələcəkdə də Avropa Oyunlarında çıxış etsəm, qələbə qazanmağa çalışacağam".