14 İyul 2019 17:52
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində keçirilən sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri sona yaxınlaşır.

Azərbaycan Güləş Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, üçüncü yarış günündə yığmamızın son 5 üzvü mübarizəyə qoşulub. Mahal Novruzov debütdə Türkiyə təmsilçisinə, Murad Süleymanov isə komanda yoldaşı Aleksandr Qostiyevə uduzub. Daha sonra Rio Olimpiadasının gümüş medalçısına qalib gələn Qostiyev yarımfinala yüksəlib. Slovakiya nümayəndəsini də yenən Aleksandr finala vəsiqə qazanıb. İyulun 14-də Hindistandan olan rəqibinə də qalib gələn yığma üzvü qızıl medala sahib olub.

Mübarizəyə 1/4 finaldan qoşulan Şamil Zubairov da Türkiyə idmançısını üstələyərək adını yarımfinala yazdırıb. Ancaq ABŞ pəhləvanı gənc güləşçimiz üçün keçilməz olub. Zubairovun təsəllisi bürünc medal olub.

Aslanbek Alborov isə Hindistan və Qırğızıstan güləşçilərini yolundan kənarlaşdırmaqla yarımfinala adlayıb. Lakin finalın bir addımlığında İran güləşçisinə müqavimət göstərə bilməyib.


Müəllif: Teleqraf.com