21 Avqust 2019 15:19
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə qarşılaşacaq “Qarabağ” bir neçə futbolçusuna görə problemlə üzləşib.

Teleqraf.com xəbər verir ki, əsas heyətin üzvlərindən Bədavi Hüseynov, Filip Ozobiç zədəli, Riçard Almeyda, həmçinin Rahil Məmmədovun cəzalı olduqlarına görə qarşıdakı matçı buraxacaqları məlum idisə, indi daha bir neçə oyunçunun görüşü buraxması ehtimalı yaranıb. Hələlik sabahkı görüşə çıxıb-çıxmayacaqları qətiləşməsə də, “Qarabağ”ın əsas heyətinin daha iki müdafiəçisi – Maksim Medvedyev və Ailtonun də zədəsi var. Onlar hər ikisi məşqlərdə zədə alıblar. Yarımmüdafiəçi Simeon Slavçev də zədələnib.

Qol.az-ın sorğusuna cavab olaraq, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, adları çəkilən futbolçularda mikrozədələr var: “Kimin oynayıb-oynamayacağı matça bir neçə saat qalmış bilinəcək”.

Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” “Linfild”lə ilk görüşü sabah Belfsatda, cavab oyunu isə avqustun 29-da Bakıda keçirəcək.


Müəllif: Teleqraf.com