25 Avqust 2019 14:35
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Linfild”in baş məşqçisi Devid Hili futbolçularını xəbərdar edib ki, Bakıdakı cavab matçında Ağdam komandası qisas hissi ilə çıxacaq.

Teleqraf.com xəbər verir ki, bu haqda Şimali İrlandiyanın “Belfast live” nəşri məlumat yayıb.

Devid Hili nəşrə müsahibəsində deyib ki, cavab görüşünün favoriti “Qarabağ”dır. “Biz matça ciddi hazırlaşacağıq. “Qarabağ”la Bakıdakı görüş mənim məşqçilik karyeramda ən çətin oyun, qarşımda duran ən ağır vəzifə olacaq. Təsəvvür edirəm ki, stadionda 30-35 min azarkeş olacaq. Bu, həqiqətən qisas oyunu kimi bir matç olacaq. Rəqib bizim qanımızı içmək istəyəcək”.

D.Hili deyib ki, cavab matçında komandasının uğur qazanmaq üçün məqsədi olacaq: “Bu isə əladır. Bilirik ki, nəyə görə oynayacağıq. Ümid edirəm, istədiyimiz nəticəni qazanacağıq. Amma “Qarabağ”dan gözlənti çoxdur və onlar matçın favoriti olacaqlar”.

Devid Hili onu da bildirib ki, Avropa Liqasının qrup mərhələsinin bir addımlığına qədər gəlməsi ilə fəxr edir: “Bilirik ki, qrupa düşmək nə qədər ağırdır. Biz 0:5, 0:6 hesabı ilə uduza da, 1:0 hesabı ilə uda da bilərik. Sadəcə, özümüzə, uğurumuza inanmalıyıq. Futbolda nələr olacağını təxmin etmək çətindir”.

“İlk matçda 3:1 hesabı ilə udsaydınız, bu gün favorit “Linfild” olardımı” sualına Devid Hili belə cavab verib: “Yəqin ki, yox. Mən “Qarabağ”a hər hansı təzyiq etmirəm. Siz oyuna baxdınız və gördünüz ki, rəqib necə yaxşı komandadır. Biz də həqiqətən əla oynadıq. Amma cavab görüşündə də ilk matçdakı kimi çıxış etməliyik. Bu, çox ciddi sınaq olacaq. Fasilədə, 2:1 hesabı ilə irəlidə olanda mən şokdaydım. Siz topla doğru oynayanda həmişə qol vurmaq üçün şansınız olur. Futbolçularımız mükafata layiqdirlər. Çünki onlar “Qarabağ” kimi komandanı udublar”.

Xatırladaq ki, “Linfild” ilk matçda “Qarabağ”a 3:2 hesabı ilə qalib gəlib. Bu komandaların təkrar qarşılaşması avqustun 29-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər