İrlandiyanın “Linfild” klubunun baş məşqçisi Devi Hili Avropa Liqasının pley-off mərhələsində bu gün Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab matçından öncə təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, qonaq komandanın baş məşqçisi əvvəlcə oyun barədə fikirlərini açıqlayıb:
"Bizi çətin oyun gözləyir. Fikrimcə, ilk görüşdə hesab 3:1 olsaydı belə, rəqib favorit olacaqdı. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Nələrin baş verəcəyini birlikdə görəcəyik".
- Bakı barədə təəssüratlarınız necədi?
- Bakı çox gözəl şəhərdi. Bu gün qaldığımız otelin yanında gəzmək imkanımız oldu. Bakı haqda ancaq müsbət təəssüratlar var.
- Bura gələn komandalar bir qayda olaraq müdafiə futbolu sərgiləyir. Siz də bu ənənəni davam etdirəcəksiniz?
- Rəqib çox güclü komandadı. Evdə müsbət statistikaları var, az uduzublar. Güclü rəqibə qarşı müdafiə olunmalı olacağıq. İnanıram ki, nəticədən və oyundan razı qalacam.
- 1 milyon funt-sterlinqiniz olsaydı, neçə faizini “Linfild”in mərhələ adlamasına yatırardınız?
- UEFA qaydalarına əsasən, biz mərcə pul yatıra bilmərik. Sözsüz ki, “Qarabağ” favoritdi. Bu qədər pulum olsaydı, “Qarabağ”ın oyunçularından almaq istəyərdim. Məsələn, Riçard Almeyda, Xayme Romero və Rahil Məmmədovu istəyərdim.
- Mərhələ keçə bilməsəniz, təyyarədə gözünüzə yuxu gedəcək?
- Adətən səfərdən evə qayıdanda baş məşqçilər çox şeyi düşünürlər. Səyahətimiz uzun olacaq. Mərhələ keçə bilsək, bu səyahət daha yaxşı yadda qalacaq.