“Avropa çempionatına vəsiqə qazandıq. Bu, çox vacib idi. Millli komandada çıxış etmək mənim üçün böyük şərəfdir. Xüsusilə də qol vuranda”.
Bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Avro-2020-nin seçmə mərhələsində səfərdə Lüksemburqa qalib gəldikləri oyundan (2:0) sonra deyib.
34 yaşlı hücumçu “Jozi Bartel” stadionunun ot örtüyünün bərbad olduğunu bildirib: “Belə bir qazonda oynamaq çətindir. Gördüyünüz kimi, meydança daha çox kartof sahəsinə bənzəyirdi. Səviyyəlli komandaların belə bir meydançada necə oynadığını bilmirəm. Çox pis! Əsas odur ki, biz işimizi gördük. Əsas məqsədimiz qələbə idi”.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Düdelanj” da ev oyunlarını “Jozi Bartel” stadionunda keçirir. Ağdam klubu 2-ci turda bu arenada rəqibini 4:1 hesabı ilə udub.
/Qol.az/