Bu gün 2020-ci ildə keçiriləcək Avropa çempionatının püşatması olacaq.
Teleqraf.com-un məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Püşkatma nəticəsində Bakıya gələcək milli komandaların adları bəlli olacaq. Turnirdə iştirak edən 24 komanda 4 səbətə bölünüb. AVRO-2020-yə Millətlər Liqası vasitəsilə vəsiqə qazanacaq komandalar 4-cü torbada olacaq.
Rusiya və Danimarka milliləri turnirin ev sahibləri kimi avtomatik olaraq çempionatın B qrupunda yer alıblar. Final mərhələsinin püşkatma səbətlərinin tərkibi təsnifat mərhələsinin yekunlarına əsasən komandaların reytinqi əsasında müəyyən olunub.
Seçmə mərhələnin bütün oyunlarında qələbə qazanmış Belçika və İtaliya milliləri İngiltərə, İspaniya, Ukrayna və Almaniya komandaları ilə birlikdə birinci səbətdə yer alıblar. İtaliya, İngiltərə, İspaniya və Rusiya Avropa çempionatının ev sahibləridir. Rusiya və Ukrayna milliləri püşkatma zamanı ayrı-ayrı qruplara salınacaq. Beləliklə, Belçika avtomatik olaraq Rusiya millisi ilə eyni qrupa düşəcək.
İkinci səbətdə Rusiya millisi ilə bərabər, Fransa, Polşa, İsveçrə, Xorvatiya və Niderland komandaları təmsil olunublar. Üçüncü səbətə Danimarka, Portuqaliya, Türkiyə, Avstriya, İsveç və Çexiya komandaları daxil olub. Dördüncü səbətdə Uels və Finlandiya yığmaları, habelə Millətlər Liqasının təmsilçiləri arasında pley-offun dörd qalibi təmsil olunacaq.
Final mərhələsinə çıxa bilən AVRO-2020-nin meydan sahibləri olan millilər öz meydanlarında ən azı iki oyun keçirmək üçün müvafiq qruplara düşəcəklər.
Səbətlərin tərkibi:
1-ci səbət: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna
2-ci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya
3-cü səbət: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya
4-cü səbət: Uels, Finlandiya, Millətlər Liqasından gələcək 4 komanda (A,B,C və D liqalarının qalibi)
A qrupu: İtaliya
B qrupu: Rusiya, Danimarka, Belçika
C qrupu: Niderland, Ukrayna, A və ya D Liqasının qalibi
D qrupu: İngiltərə, C Liqasının qalibi
E qrupu: İspaniya, B Liqasının qalibi
F qrupu: Almaniya, A və ya D Liqasının qalibi
Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.