1 Dekabr 2019 20:58
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Meydana qələbə üçün çıxmışdıq. Bəzi epizodlardan yararlanmaq lazım idi. Amma alınmadı. Nəticədə oyun qolsuz bitdi. Nə etmək olar?"

Teleqraf.com xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Voyislav Stankoviç səfərdə "Səbail" klubu ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Serbiyalı müdafiəçinin sözlərinə görə, flaqman məğlub da ola bilərdi: "Əlbəttə, az qala uduzacaqdıq. Qələbə seriyalarını davam etdirməməyimizin səbəbini bilmirəm. Hər oyunda daha yaxşı çıxış etmək istəyirik. Amma bir oyunda yaxşı, digərində zəif çıxış edirik. Bunun səbəbini üzə çıxarmaq üçün analizlər aparılmalıdır".

Çempionluq barədə düşünməyin tez olduğunu söyləyən Stankoviç daha yaxşı oynamağa çalışmalarının vacibliyini vurğulayıb: "Qol vura bilmirik, çempionluq barədə danışmaq çox tezdir".

Qeyd edək ki, hazırda "Neftçi" 22 xalla "Keşlə" ilə birgə 2-3-cü yerləri bölüşür və lider "Qarabağ"dan 5 pillə geri qalır. Lakin Ağdam komandası hesabat turunun oyununa dekabrın 2-də çıxacaq.


Müəllif: Mənbə/Report