“Təlim-məşq toplanışından sonra çempionatda ilk oyunumuz idi. İki fərqli hissə izlədik".
Teleqraf.com xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis ilk yarıda istədiklərinin komanda şəklində bir qədər alınmadığını bildirib: "Komanda toplanışda gördüyümüz oyunu ikinci hissədə göstərməyə başladı. Bunun səbəbi ilk oyunun olmasıdır. Ola bilər ki, yoldaşlıq görüşləri ilə rəsmi matçlar arasında bir az fərq var. Ona görə bunu həyəcanla əlaqələndirərdim. İnanırıq ki, komanda qışa qədər göstərdiyi futbolu nümayiş etdirməyə davam edəcək".
Premyer Liqanın ən gənc komandası olduqlarını deyən Baxşıyev heyətlərinin əsasən "Qəbələ" Futbol Akademiyasının yetirmələrindən qurulduğunu xatırladıb. O, kollektivə inandıqlarını dilə gətirib: "Daha da yaxşı oyun göstərib qələbələr qazanacağıq. Çempionatda mümkün qədər yüksək yer tutmağa çalışacağıq. Kuboka hələ çox var bu barədə düşünmürük”.
Baxşıyev heyətin yeni futbolçu ilə gücləndiriləcəyini də bildirib: “Heyətimiz geniş deyil. Ehtiyat qüvvəmiz azdır. Hər bir baş məşqçi komandada rəqabətin artmasını istəyər. Oyunçular rəqabət olduqca öz üzərlərində işləyib artırırlar. Komandaya yeni hücumçunun qoşulacağı gözlənilir”.