Paraqvay məhkəməsi Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo barədə həbs qətiimkan tədbirini şərti cəza ilə əvəzləməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, vəkilin veteran hücumçunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib. Bunun üçün 1,4 milyon avro məbləğində girov təklif olunsa da, məhkəmə bunu rədd edib.
Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon hava limanında saxta pasport təqdim edib. Martın 5-də Paraqvayın baş prokuroru "sambaçılar"ın həbsinə dair order verib. Lakin ertəsi gün sabiq futbolçu azadlığa çıxıb. Lakin bir neçə saat sonra Ronaldinyo baş prokurorluğun sorğusu əsasında yenidən saxlanılıb. Məhkəmə onun həbsinin 6 ay uzadılmasını qərara alıb.
Qeyd edək ki, Ronaldinyo Avropada Fransanın PSJ, İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klublarındakı çıxışı ilə tanınıb. O, Braziliya komandalarının da formasını geyinib.