2 May 2014 10:39
2 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılanda böyük əksəriyyət finalın "Bavariya" və "Çelsi" arasında baş tutacağını proqnozlaşdırırdı. "Bavariya"nın ötən və bu mövsümlərdə sərgilədiyi möhtəşəm performans almanların "Real" səddini keçəcəyinə inam yaradırdı. "Çelsi" isə "Atletiko"dan daha güclü görünürdü. Bunun əsas səbəbi isə Joze Mourinyo amili idi.

Lakin Madrid klubları bütün proqnozları altı üst etdi. "Real" evdə 1:0 hesablı qələbə qazanaraq Münhendə rəqibini sözün əsl mənasında biabır etdi - 4:0. "Atletiko" Madriddə qolsuz heç-heçəyə razılaşdığı "Çelsi"ni Londonda - doğma azarkeşlərinin önündə 3:1 hesabı ilə yendi. Bir sözlə ötən mövsüm almanların damğa vurduğu Çempionlar Liqasında bu dəfə ispanlar "at oynadır".

Əks-hücum "Real"lığı

Püşk atılan zaman əksəriyyət "Bavariya"nın "Real" səddini çətinlik çəkmədən keçəcəyini düşünürdü. Pep Qvardiolanın başçılıq etdiyi komanda Bundesliqada sona 7 tur qalmış çempionluğunu elan etmiş, Çempionlar Liqasının yarımfinalınadək asanlıqla irəliləmişdi. Sırada isə ötən mövsüm qazandığı Avropanın bir nömrəli klub turnirinin qalibi olmaqla ardıcıl iki dəfə Çempionlar Liqasına sahib çıxan klub olmaq kimi böyük bir hədəf var idi.

La Liqada çempionluq mübarizəsində "Atletiko"dan geri düşən "Real" isə bütün planlarını Çempionlar Liqası üzərində qurmuşdu. Karlo Ançelottinin başçılıq etdiyi komanda 12 illik fasilədən sonra Avropanın əsas kubokuna sahib çıxmaq istəyirdi. Yarımfinalda ötən il yenildiyi Dortmund "Borussiya"sını sıradan çıxaran "Real"da hər şey qaydasında idi. Az qala meydana çıxdığı hər oyunda qol vuran Kriştiano Ronaldo və formasının zirvəsində olan Qaret Beylin öndərlik etdiyi komanda əslində keçmiş günlərinə dönməsinin mesajını çoxdan vermişdi.

Komandalar arasında İspaniyada oynanılan ilk matç "Bavariya"nın klassik topa sahib olma üstünlüyü ilə başladı. Buna rəğmən, Kriştiano Ronaldo, Angel Di Maria və Kərim Benzema kimi sürətli ulduzdarı ilə əks-hücum taktikasını ən yaxşı şəkildə tətbiq edən "Real" çətin matçdan 1:0 hesablı qələbə ilə ayrıla bildi.

"Allianz Arena"dakı cavab matçı isə "Bavariya" adına tam bir rəzalət oldu. "Real"ın müdafiə xəttini keçə bilməyən Qvardiolanın yetirmələri 3-ü duran toplardan buraxdıqları 4 qolla yarımfinalda mübarizəni dayandırmalı oldular. Almaniya nəhənginin iki matçı 5 top buraxıb qolsuz başa vurması azarkeşləri ən çox məyus edən məqam oldu.

"Avtobus" "Çelsi"ni xilas etmədi

Joze Mourinyonun "Visente Kalderon"da istifadə etdiyi "anti-futbol" taktikası tənqid hədəfinə çevirilməsinə səbəb olmuşdu. Onun taktikası "qapı qarşısında avtobus saxlayıb" şərhlərinə yol açdı. "Atletiko"nun hücumçuları da rəqib qapısına yol tapa bilmədiyindən matç 0:0 hesabı ilə başa çatmış və Mourinyo Londona istədiyi hesabla dönməyi bacarmışdı.

Ancaq "Çelsi" üçün öz meydanında oynadığı cavab matçı "Bavariya" kimi kabusa çevirildi. Qarşılaşmanın 36-cı dəqiqəsində Fernando Torres komandasını sevindirsə də, cəmi 8 dəqiqə sonra Adrian Lopes bərabərliyi təmin etdi. Daha sonra Dieqo Kostanın penalti qoluna sevinən "Atletiko"da son nöqtəni Arda Turan qoydu.

Son söz ispanlarda

Beləliklə, Çempionlar Liqasının finalında ardıcıl iki dəfə eyni ölkənin komandaları qarşılaşacaq. Ötən mövsüm "Bavariya" və "Borussiya" alman derbisinə çıxmışdısa, bu dəfə "Real" və "Atletiko" İspaniya, həm də Madrid derbisi təşkil edəcək. Bu həm də eyni şəhərin iki təmsilçisinin oynadığı ilk final olacaq.

Fanat.az


Müəllif: