İspaniya Liqasında həftənin son matçında "Real Madrid" "Athletik Bilbao"nu evində qonaq edib.
ANS PRESS-in məlumatına görə, matça daha yaxşı başlayan "Kral klubu" 2-ci dəqiqədə artıq hesabı açmağı bacarıb. Kriştiano Ronaldo başla vurduğu qolla komandasını hesabda 1:0 önə keçirib.
İkinci qol isə oyunun 41-ci dəqiqəsinə təsadüf edib. Kərim Benzema hesabı 2-0-a çatdırıb. "Real" ikinci hissədə də qollar vurmağa davam edib. 55-ci dəqiqədə Ronaldo yenidən səhnəyə çıxaraq özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Fransız hücumçu Benzama isə 69-cu dəqiqədə Ronaldonun ötürməsini qola çevirərək hesabı 4:0-a çatdırıb.
Oyunun bitməsinə bir neçə dəqiqə qalmış isə Pepenin rəqib qapısına vurduğu zərbə Ronaldoya dəyərək tora daxil olub. Bu qələbə ilə xalını 15 xala yüksəldən "Kral klubu" turnirdə 4-cü pillədə qərarlaşıb.