Hindistanın Puna şəhərində yaşı 20-yə qədər olan oğlanlar və qızlar arasında şahmat üzrə dünya çempionatının beşinci turunun oyunları keçirilib. İsveçrə sistemi üzrə keçirilən yarışlar 13 turdan ibarət olacaq. Teleqraf.com xəbər verir ki, oğlanların turnirində 140, qızların turnirində isə 80 şahmatçı birinci mükafat uğrunda mübarizə aparır.
Beş turdan sonra qızlar arasında hərəsi 4 xal toplamış Azərbaycan şahmatçısı Səbinə İbrahimova ilə yanaşı, Aleksandra Qoryaçkina, Darya Pustovoytova (hər ikisi – Rusiya), Sarasadat Hademalşaryeh (İran), Rout Padmini, P.Nandidaa, Mariya Furtado İvana (hamısı Hindistan), Ann Çumpitas (Peru), Çjay Mo (Çin) və İohanna Celip (Rumıniya) liderlik edirlər.
Yuniorların turnirində beş turdan sonra hərəyə 4,5 xal toplamış Xorxe Kori (Peru), Narayanan Sunilduk (Hindistan) və Lu Şanley (çin) irəlidədirlər. Azərbaycan şahmatçıları Nicat Abbasovun və Ülvi Bacaraninin hərəsinin aktivində 2,5 xal var. Dünya çempionatı oktyabrın 19-da başa çatacaq.