Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.
Teleqraf.com-un məlumatına görə, günün ilk matçında "Neftçi" "Sumqayıt"ı qəbul edib.
"Bakcell Arena"da keçirilmiş qarşılaşma "Neftçi"nin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Görüşdə hesab 14-cü dəqiqədə açılıb. "Sumqayıt"ın iranlı hücumçusu Əli Qurbani fərqlənib. Forvard 46-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 83-cü dəqiqədə meydan sahiblərinin heyətində Anton Krivotsyuk ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
İlk turda "Keşlə"yə uduzan "Sumqayıt" 3 xalı aktivinə yazdırıb. Birinci turda "Səbail"i məğlub edən "Neftçi" də eyni xala malikdir.
Qeyd edək ki, günün digər matçında son çempion "Qarabağ" səfərdə "Keşlə" ilə üz-üzə gələcək. Tura sabah keçiriləcək "Səbail" - "Zirə" və sentyabrın 13-də baş tutacaq "Sabah" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.