Serbiyalı tennisçi Novak Cokoviç Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) “Masters” seriyasından olan turnirin yarımfinalında norveçli Kasper Ruud üzərində qələbə qazanıb. Torpaq kortda keçirilən turnirin mükafat fondu 3,85 milyon dollardır.
Teleqraf.com xəbər verir ki, qarşılaşma 33 yaşlı serbiyalının 7:5 və 6:3 hesablı qələbəsi ilə nəticələnib. Novak Cokoviç turnirin final mərhələsində argentinalı Dieqo Şvartsmanla kanadalı Denis Şapovalov arasında bu gecə keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.
Novak Cokoviç hazırda ATR reytinqinin lideridir. O, 282 həftədir ki, dünyanın bir nömrəli tennisçisi titulunu əlində saxlayır (bu, tennis tarixində üçüncü göstəricidir). Serbiyalı tennisçinin aktivində “Böyük dəbilqə” seriyasında 17 qələbəsi var (bu, tennis tarixində kişilər arasında üçüncü göstəricidir): o, səkkiz dəfə Avstraliya açıq çempionatının, beş dəfə “Wimbledon” turnirinin, üç dəfə ABŞ açıq çempionatının, bir dəfə isə Fransa açıq çempionatının qalibi olub. Ümumilikdə isə ATR turnirində serbiyalı tennisçi 79 dəfə qələbə qazanıb (bu, tennis tarixində beşinci göstəricidir). O, həmçinin 2008-ci il Pekin Olimpiya oyunlarının bürünc mükafatçısıdır.
İtaliyanın Roma şəhərində keçirilən turnir sentyabrın 21-də başa çatacaq. Ötən il bu turnirin qalibi ispaniyalı Rafael Nadal olmuşdu.