Ötən mövsüm “Liverpul” futbol klubunun heyətində 31 qolla İngiltərə çempionatının bombardiri olan Luis Suaresə “Qızıl buts” mükafatı təqdim edilib.
Teleqraf.com xəbər verir ki, Avropa İdman Mediyası tərəfindən Barselonada keçirilən təqdimat mərasimində “Barselona”nın hücumçusuna mükafatı “Liverpul”un əfsanəvi futbolçusu Kenni Dalqliş verib. Sabiq oyunçunu mərasimə L.Suares dəvət edib. Çünki məhz şotlandiyalı mütəxəssisin məşqçiliyi dövründə uruqvaylı forvard “Mersisayd” klubuna keçmişdi.
Qeyd edək ki, 27 yaşlı hücumçu son dünya çempionatında Uruqvay-İtaliya matçında rəqib komandanın müdafiəçisi Corco Kyellinini dişlədiyinə görə dörd ay yaşıl meydanlardan kənarlaşdırılıb. Onun cəzası Beynəlxalq İdman Arbitraj Məhkəməsinin qərarı ilə oktyabrın 24-də sona çatacaq. Suares La Liqanın 9-cu turunda Madrid “Real”ı ilə keçiriləcək görüşdə oynaya biləcək.