"Vacib qələbə qazandıq. Futbolçularda həyəcan var idi. Rəqib bu gün ciddi müqavimət göstərdi. "Neftçi" ilə matçda da layiqli oynamışdılar. Təcrübəli, soyuqqanlı futbolçuları var. Bu, yaxşı haldır. Bəzi çətinliklər çəkdir. Lakin futbolçular qələbə üçün hər şeyi etdilər".
Teleqraf.com xəbər verir ki, bu fikirləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın V turundan təxirə salınmış matçda "Səbail"i 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Oyun ərzində Abdullaha Zubirə irad bildirməsinin səbəbini açıqlayan 49 yaşlı mütəxəssis bildirib ki, onun oyunundan razı qaldığını söyləyib: "Ona oyun ərzində bir dəfə irad bildirdim. 90 dəqiqədə nizam-intizamı qorumaq çətindir. Topun bizdə çox qalması üstünlükdür. Zubirin oyunundan razıyam. Amma rəqibləri də düşünmək lazımdır ki, get-gedə onu tanıyırlar. Bütün diqqəti Zubirə yönəldirlər".
Zədəlilərin durumuna da toxunan Qurbanov Filip Ozobiçin müalicəsinin davam etdiyini deyib: "Fevralın 5-dək komandaya qoşulmayacaq. Həkimlərin müayinəsindən sonra qəti qərar veriləcək. Xayme Romeroda isə heç bir problem yoxdur. Yüngül zədəsi var idi. Hazırlıq prosesinə də gec qoşuldu. Yavaş-yavaş formasını bərpa edir. Tam hazır olmayan oyunçunu meydana buraxa bilmərik. Bəzən yazırlar ki, onunla problemim var. Amma belə deyil".
Cərimələnərək əvəzedici komandaya göndərilən Donald Gerye ilə bağlı da danışan Qurbanov onunla bağlı yekun qərarını vermədiyini vurğulayıb: "Əvəzedici heyətdədir. Mövsümün sonuna kimi orada qalıb-qalmayacağını bilmirəm. Gecikmə məsələsinə qarşı sərtəm. İstəmirəm ki, hansısa futbolçunun intizamsızlığı müzakirə edilsin. Bizim cəzamıza necə yanaşacaq, onu görəcəyik. Mənim ona ehtiyacım var. Maksim Medvedevi cinahda oynadıram. Dəfələrlə demişəm ki, futbolçu ciddi və məsuliyyətli olmalıdır. Geryeni tanıyırıq, pis oğlan deyil. Mənfi cəhəti isə onun karyerasına pis təsir edir".
Baş məşqçi haitili futbolçunun cəzanın ədalətsiz olması ilə bağlı fikirlərinə də münasibət bildirib: "Ədalətsizliyə kimi dediyi bütün fikirlər doğrudur. Bizim klubun üzvüdür. O, özünə nə iləsə bəraət qazandırmalıydı. Nədənsə bunun problemləri olur, başqalarının olmur. Hamını başa düşürəm, amma müəyyən yer var ki, ora kimi göz yuma bilirəm. Çempionat başlayıb və futbolçu gəlməyib, bu, kluba hörmətsizlikdir. Bəzi insanlar əllərinə fürsət düşəndə istifadə etməyə çalışırlar. Heç kimin puluna göz dikməmişk. Bizim tərəfimizdən cəzalanıbsa, ədalətlidir. Cərimələnməsinin mediada bilinməsini istəmirdim, amma özü deyib. Onu rəsmi bildirməyin tərəfdarı deyiləm".
Qurbanov Mahir Emrelinin komandada qalmasına qərar verdiklərini söyləyib: "Onu istəyən bəzi komandalar var idi. Sonda qərarımız belə oldu ki, mövsümün sonunadək qalsın. Bütün diqqətimizi Premyer Liqaya yönəltmişik. Oyunçularımız yaxşı çempionatda iştirak etsə, buna ancaq sevinərik. Aşağı səviyyəli liqalarda oynamaq isə xoş olmaz. Biz də istəyirik ki, Mahir kimi oyunçu komandamızda qalsın".