"Futbolçularımı təbrik edirəm. Həqiqətən çox vacib oyun idi. Məsafəni nəzərə alsaq, son səfər matçımız idi".
Teleqraf.com-un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Qəbələ"ni 5:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premeyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, hesab böyük olsa da, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda yalnız xoş sözlərə layiqdir: "Bütün rəqiblərə qarşı oyunlarda daha çox hücum etməyə çalışırlar. Rəqibin yaxşı hücum xətti var, futbolçular bir-birilərini gözəl başa düşürlər. Əks hücumlarda təhlükəli idilər. Bu cür hücumların qarşısını pis almadıq".
Qurbanov oyunun ağır keçdiyini söyləyib: "İlk hissədə bir neçə qol epizodumuz olsa da, istifadə edə bilmədik. İkinci yarıda isə demək olar ki, əlimizə düşən imkanların hamısından yararlandıq və vacib xallar qazandıq".
Baş məşqçinin sözlərinə görə, zədəli futbolçuların durumuna qarşıdakı günlərdə aydınlıq gələcək: "Patrik Andrade sabahdan komanda ilə məşqlərə başlaya bilər. Bugünədək fərdi hazırlaşırdı. Bədavi Hüseynovun zədəsi bir o qədər ciddi olmasa da, arxa əzələ bir az problemli nahiyyədir. Bu gün fərdi məşqlərə başladı".
Mütəxəssis deyib ki, qol vurmağı bacaran futbolçuların meydanda olması böyük üstünlükdür: "Xayme Romero və Mahir Emreli son vaxtlar çox qol vuran oyunçulardandır. Rəqiblər ilk hissədə daha diqqətli olur. Vurulan qoldan sonra isə boşluqlar yaranır. Belədə 3-4 oyun oynamayıb meydana çıxan və fərqlənmək istəyən futbolçular həmin boşluqlardan maksimum yararlana bilirlər. Bir az bunun da köməyi oldu. Amma ümumilikdə futbolda belə hallar baş verir".
Qurbanov Mahir Emrelinin penaltini boşa verməsinə də toxunub: "Bizdə penalti vuran Uroş Matiç idi. O, meydanda olmadığından topa Mahir yaxınlaşdı. Belə hallar olur. Səhv etmirəmsə, bir dəfə Filip Ozobiç də vura bilməmişdi. 2 il öncə "Neftçi" ilə "Bakcell Arena"da son oyunumuz idi. Mahirlə Baqali Dabo bombaridrlik uğrundamübarizə aparırdı. Mahir çox israr etsə də, icazə vermədim. Çünki penalti vuranımız meydanda idi. Bir az küsmüşdü. Sonra deyəsən, Dabo meydandan çıxdı, Mahir də 2 qol vurdu və bombardir oldu. Bu gün isə het-trik etdi, amma penaltini vura bilmədi. Həddindən artıq çox istədi, gördüm futbolçular da ona baxırlar. İlk dəfə idi icazə verdim, o da alınmadı".