Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Avropa futbolunun məşhur simalarından biridir.
Yarımmüdafiə mövqeyində oynayan Azərbaycanlı əsilli Orkun Kökçü Türkiyə millisinin üzvüdür. Hollandiyada yaşadığı illərdə bir sıra klublarda forma geyinib. Hazırda Hollandiyanın köklü və ən güclü klublarından biri olan “Feyenord”un heyətində çıxış edir.
Orkun Kökçü 2000-ci il dekabrın 29-da Hollandiyanın Harlem şəhərində anadan olub. Gənc futbolçunun ailəsi Türkiyənin Afyonqarahisar bölgəsinin Suverməz kəndindəndir.
Orkun Kökçü 2014-cü ildə Feyenord Gənclər Akademiyasına daxil olub.
Debüt oyunu
“Feyenord”un heyətində ilk dəfə 2018-ci il sentyabrın 17-də KNVB Kubokunun ilk turunda “VV Gemert”lə mübarizədə 4-0 qələbə qazandıqları matçda debüt edib. 17 yaşlı futbolçu həmin oyunda klubunun ikinci qolunun müəllifi olub.
Hollandiyanın əsas liqasında (Eredivisie) ilk oyununu 2018-ci il dekabrın 9-da “Emmen” klubuna qarşı keçirib. Əvəzetmə ilə girdiyi oyunda bir qol vurub, bir qolun da assistentliyini edib.
2019-cu il aprelin 10-da “Feyenord”la müqaviləsini 2023-cü ilədək uzadıb.
Hollandiya millisində
2017-ci ildə Hollandiyanın U-17 millisinin heyətində 3 dəfə meydana çıxıb. 2017-2018-ci illərdə 5 dəfə forma geyindiyi Hollandiyanın U-18 komandasının heyətində 2 qol vurub. 10 dəfə də Hollandiyanın U-19 millisinin formasında oyunda iştirak edib.
Türkiyə millisində
Orkun 2019-cu ildə Türkiyənin adından oynamaq istədiyini açıqlayıb. İlk dəfə 2019-cu ildə Avropa çempionatının seçmə mərhələsində İngiltərənin U-21 komandasına qarşı keçirdiyi oyunda Türkiyənin 21 yaşlılardan ibarət millisinin heyətində yer alıb. Həmin oyunda Türkiyə millisi meydandan 3-2 məğlubiyyətlə ayrılıb.
Ümumilikdə, iki dəfə U-21-in formasını geyinib. Ötən il avqustun 28-də baş məşqçi Şenol Günəş tərəfindən Türkiyənin əsas millisinə çağırılıb.
Avropa klublarının savaşı
Ötən il İngiltərənin “Arsenal” klubu futbolçunu 25 milyon avroya öz rənglərinə bağlamaq istəsə də, hələlik sövdələşmə baş tutmayıb. Danışıqlar hələ də davam edir.
Hazırda İngiltərənin başqa bir klubu – “Tottenhem” 21 yaşlı futbolçu ilə maraqlanır. Klubun “Feyenord”la danışıqlara başladığını yazan “Daily Mail” nəşri Orkunu “Avropanın ən işıqlı istedadlılarından biri” adlandırıb.
İngiltərə Premyer Liqasında çıxış edən, “Lids Yunyated” də Orkunu öz heyətinə qatmaq üçün hərəkətə keçib.
“Feyenordlu” İtaliya A Seriyasında çıxış edən “Latsiyo” və “Sampdoriya”nın da maraq dairəsindədir.
Orkun Türkiyənin “Beşiktaş” kimi nüfuzlu klublarının da diqqətini çəkib.
“Ən yaxşı futbolçu”
Orkun Kökçü mart ayı üçün Hollandiya çempionatının “ən yaxşı futbolçu”su seçilib.
Orkun Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” futbol klubunda oynayan və millimizin formasını geyinən Ozan Kökçünün qardaşıdır.