Avropa Karate Federasiyası Hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio Yay Olimpiya Oyunları üçün 15 hakim sırasına daxil edilib.
Milli Karate Federasiyasından (AMKF) Teleqraf.com-a verilən məlumata görə, azərbaycanlı beynəlxalq hakimin fəaliyyətinə yüksək dəyər verən Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsi belə qərara gəlib.
Babayev AMKF Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, "Əməkdar məşqçi", eləcə də "Qaraqaplan" klubunun məşqçilərindən biridir. 198 üzv ölkəyə malik WKF onu 2013-cü ildə dünyanın "Ən yaxşı hakimi" seçib.
Təcrübəli referi həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakı-2015 I Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə Babayev Azərbaycan Prezidentinin "Fəxri fərmanı" ilə təltif edilib.