Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində sonuncu - III tura start veriləcək.
Teleqraf.com-un məlumatına görə, əvvəlcə A qrupunun oyunları keçiriləcək. Qarşılaşmalardan biri Bakıda, digəri İtaliyanın paytaxtı Romada oynanılacaq. Hər iki görüş eyni saatda - Bakı vaxtı ilə 20:00-da start götürəcək.
İlk turdan sonra xalı olmayan Türkiyə millisi 1 xalla 3-cü sırada qərarlaşan İsveçrə yığmasını sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda (BOS) gerçəkləşəcək oyunu sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək. Ən yaxşı göstəriciyə malik 4 qrup üçüncüsündən biri kimi 1/8 finala çıxmağı hədəfləyən "ay-ulduzlular" bunun üçün mütləq rəqibinə qalib gəlməlidir. Amma qələbə belə, Şenol Güneşin başçılıq etdiyi komandaya qrupdan çıxmaq üçün kifayət etməyə bilər. Bu mənada, digər oyunların nəticəsi də önəmli olacaq.
Bu qrupun digər oyununda isə İtaliya və Uels yığmaları üz-üzə gələcəklər. "Olimpiko" stadionundakı qarşılaşmanın baş hakimi Rumıniya təmsilçisi Ovidiu Hatseqan olacaq. İki görüşdən maksimum nəticə ilə ilk pillədə yer alan "Skuadra Adzurra" artıq pley-offa vəsiqəni təmin edib. 4 xalla ikinci sırada olan britaniyalıları isə bu görüşdə heç-heçə də qane edəcək.