Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 4-cü medalı təmin edib.
Teleqraf.com-un məlumatına görə, buna 65 kq çəki dərəcəsində yer alan sərbəst güləşçi Hacı Əliyev nail olub. 3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda hindistanlı Bacranq Puniya üzərində qələbə sayəsində finala yüksəlib.
Əliyev həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquroya qalib gəlsə, karyerasında ilk dəfə olimpiya çempionu olacaq. Məğlub olacağı təqdirdə isə o, gümüş medalla kifayətlənəcək. Final görüşü avqustun 7-də keçiriləcək.
Qeyd edək ki, Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarında 57 kq çəki dərəcəsində bürünc medal qazanıb.