Azərbaycan milli futbol komandasının ard-arda məğlubiyyətə uğraması təkcə futbolsevərlərin yox, bütövlükdə ölkənin idman həyatını "dalğalandırıb". Bu gün idman həm də bir ölkənin adı, imici deməkdir. Bəs belə əhəmiyyətli sferada acınacaqlı durumun yaranmasına səbəb nədir?
Bu və başqa mövzuda Teleqraf.com-un suallarını Qol.az saytının baş redaktoru, əməkdar jurnalist Aydın Bağırov cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
- Aydın müəllim, ötən gün futbol üzrə əsas millimiz (Portuqaliya 0:3) və 21 yaşlılardan ibarət yığma komandamız böyük hesabla (Avstriyaya 0:6) rəqiblərinə məğlub olublar. Bu oyunlarla bağlı fikirləriniz nədir?
- İstəməzdim dəyərləndirməni konkret dünənki oyunlar üzərində qurum. Milli komandamızın ümumi nətincələrinə baxsaq, 5 oyun keçirib, 15 mümkün xaldan cəmi 1 xal qazanıb. Doğrudur, bizim qrupumuzda, futbolumuzun mövcud durumunda Portuqaliyadan xal almaq kimi gözləntilər yox idi. Lüksemburq, İrlandiya kimi komandalarla oyunda xal ehtiyatını artıra bilərdik. Faktiki olaraq ən azı 7 xalımız olmalı idi.
Bu günə qədər dövlətimiz tərəfindən futbol üçün kifayət qədər vəsait ayrılıb, maddi-texniki olaraq hər şey edilib. Amma həmin maddi dəstəyin cavabı adekvat deyil. Ona görə də məsələni təkcə meydana çıxan futbolçularla əlaqələndirməyi düzgün saymıram. Ümumilikdə sistemdə problem var. Futbol federasiyasının rəhbərliyinin fəaliyyətində ciddi nöqsanlar müşahidə olunur. Bu nöqsanlar birbaşa həm A milli komandamıza, həm də U-17 və U-21 milli komandalarının fəaliyyətinə ciddi təsir edib.
Düşünürəm ki, mövcud problemlərə ciddi önəm verilməlidir. Dünən Prezident İlham Əliyev də yeni Gənclər və İdman nazirini qəbul edərkən orada olimpiya oyunlarına toxundu və idman federasiyalarının fəaliyyətindən narazılıqlarını bildirdi. Nöqsanların araşdırılması ilə bağlı çağırış etdi. Hesab edirəm ki, bu çağırış eyni zamanda futbol federasiyasına da aid olmalıdır.
Düzdür, mövcud UEFA qaydalarına görə, dövlət qurumları futbol federasiyasının fəaliyyətinə müdaxilə edə bilməz. Bu, ölkə üçün sanskiyalara gətirib çıxara bilər. Amma nəzərə almalıyıq ki, milli komandalar birbaşa dövlət şirkəti olan SOCAR tərəfindən maliyyələşdirilir. Hər il təkcə milli komandalar və AFFA-nın fəaliyyətinə 20 milyon manatdan çox pul ayrılır. Bu pulun hansı formada xərclənməsi ilə bağlı dövlətin müvafiq qurumları ciddi hesabat aparmalıdır.
Hesab edirəm ki, bu pulların xərclənməsində nöqsanlar, qeyri-şəffaflıq var. Məhz bu səbəbdən uzun illərdir milli komandalara xarici məşqçilər gətirilir.
2008-ci ildən bu günə qədər milli komandada 5 baş məşqçidən 6-ı əcnəbi olub. Berti Foks, Robert Prosineçki, Nikola Yurçeviç və Canni De Byazi. Qısa müddətdə Azərbaycan futbol tarixində ən yaxşı baş məşqçi fəaliyyəti göstərən Qurban Qurbanov idi. O, milliyə baş məşqçi təyin edildi, amma xarici məşqçilərə yaradılan şəraitin heç 10 faizi Qurban Qurbanova yaradılmadı.
Ümumiyyətlə, mövcud sistem tamamilə dəyişməlidir. Azərbaycan futbolunun inkişafı yönündə yeni proqram qəbul olunmalı və proqrama mütəxəssislər cəlb edilməlidir. Proqam ciddi nəzarət altında həyata keçirilməlidir ki, yaxın 5-10 ilə nəticəsini görə bilək. 5 il əvvəl indiki hal üçün proqnoz verəndə demişdim ki, çox ümidsizəm... Təəssüfl ki, ilbəil milli komandaların nəticələri zəifləyir. Belə getsə beş ildən sonra da ən yaxşı halda vəziyyət bu cür davam edəcək.
Bizim klublarda normal futbolçularımız var. Amma uğursuz baş məşqçi seçimləri ilə, lazımsız bahalı müqavilələr bağlamaqla, dövlətin ayırdığı pulu havaya sovurmaqla futbolu uçuruma aparırlar.
- Sizcə, yığma komandaların uğursuzluqlarının səbəbi nədir? Problem AFFA-dadır, məşqçidədir, yoxsa başqa ünvanda?..
- Problemi birbaşa AFFA-ya yükləmək istəmirəm. Bəli, futbolun problemi əsasən bu qurumla bağlıdır. Amma bütün ölkədə bu idman növünün vəziyyətinə toxunsaq, mənzərə daha aydın olar. Uşaq futbolunda, futbolçuların yetişdirilməsində bağlı böyük problemlər var. Bölgələrimizdə futbol yoxdur. Bu idmana maraq, kütləvilik kəskin şəkildə azalıb. Halbuki bu günə qədər Azərbaycan futbolunun üzdə olan əksər simaları bölgələrdən çıxıb.
Daha bir ciddi problem Azərbaycan premyer-liqasının səviyyəsi ilə bağlıdır. Orada cəmi 8 komanda oynayır, bu say çox azdır. Komandaların bəzilərini AFFA, bəzilərini müstəqil şirkətlər maliyyələşdirir. Komanda sayının azlığı çempionatda rəqabətin zəifləməsinə gətirib çıxarır. Futbolçular il ərzində 4 dəfə eyni komanda ilə oyun keçirir, bu, yaxşı hal deyil. Xarici ölkələrdə bir komanda ilə mövsüm ərzində 2 oyun oynanılır.
Çepionatda komanda sayının azlığı, bölgələrdə futbolun sıfırlanması birbaşa AFFA-nın günahı deyil. Futbola sponsor marağı yoxdur. Sponsor özünün reklamı üçün komandaya pul xərcləyir. Amma bizdə bu da yoxdur. Səbəb ölkədə futbola marağın tamamilə itməsdir. Yerli futbola marağın kəskin azalması nəticəsində bölgə komandalarına pul xərcləyən tapılmır. Bu isə milli komandanın tərkibinə və ümumi oyunlara neqativ təsir edir.
Fikrimcə, millidə bir neçə il əvvəl məşqçi seçimi düz aparılsaydı, bugünkü nəticə bu qədər acınacaqlı olmayacaqdı. Milliyə mütləq yerli baş məşqçi gətirilməlidir ki, o, futbolçuların mentalitetini, onlarla davranışın dairəsini bilir.
Əcnəbi məşqçi gəlir, işləyir, biri bir milyon, o biri iki milyon qazanır. Təzə gələndə çox iddialı danışırlar. Bir neçə oyundan sonra geriyə addım atırlar.
- Siz də bu nəticələrdən sonra baş məşqçi Canni De Byazinin istefasına tərəfdarsınız?
- Ümumiyyətlə, mən əvvəldən xarici məşqçilərin əleyhinə olmuşam. Məsələ Canni De Byazidə deyil, məsələnin həllini bir fərdin üzərində qurmaq düzgün olmaz. Azərbaycanda xarici məşqçi modeli özünü doğrultmayıb. Bu modeldən imtina olunmalıdır və milli komandaya yerli, gənc məşqçi gətirilməlidir.
Yerli məşqçilərin əksəriyyəti ilə dostluğum var, xarakterlərinə bələdəm. Bildiyimə görə, Canne De Byazinin illik maaşı 650 000 avrodur. Milli komandalarda isə aşağı maaşla işləyə biləcək məşqçilər var. Onlar üçün pul simvolik mahiyyət daşıya bilər.
Bu gün futbol federasiyası həm də millinin timsalında futbola məşqçilər qazandırmalıdır ki, 3-5 ildən sonra yeni Qurban Qurbanovlar yetişsin. AFFA Rəşad Sadıqov, Ayxan Abbasov, Aftandil Hacıyev, Samir Abbasov kimi gənc yerli mütəxəssisləri milli komandaya gətirə bilər. Bu, daha faydalı olar, nəinki xarici məşqçilər. Əminəm ki, burada əlavə maraq var. Əlimdə fakt olmadığı üçün sübut edə bilmirəm. Amma hamı bilir ki, xarici məşqçilər niyə, hansı məqsədlə gətirilir...
- Necə düşünürsünüz, AFFA özü italiyan məşqçi ilə vidalaşacaqmı?
- Onun müqaviləsi noyabr ayının sonunda başa çatır. Müqavilənin uzadılıb-uzadılmaması AFFA-nın səlahiyyətindədir. Düşünürəm ki, müqavilə uzadılmayacaq. Çünki DÇ-2022-nin seçmə mərhələsində 3 oyun qalıb və ümidverici nəticələr qazanılacağına inanmıram.
Məni narahat edən digər məqam var. Bugünkü futbol sistemi çalışır ki, Azərbaycana yenə xarici məşqçi gəlsin. Onlar yığmaya yerli məşqçinin cəlb olunmasını istəmirlər. Bu məsələdə ictimaiyyətin, peşəkar futbol adamlarının rəyi mütləq nəzərə alınmalıdır.
- Bəs, sizcə, U-21-in baş məşqçisi Obradoviçin getmək vaxtıdır?..
- Onunla müqavilə səhv etmirəmsə bu ayın sonuna qədər uzadılıb. Obradoviç də xarici məşqçidir, gəlişi heç nəyi dəyişməyib. 2018-ci ildə A milli komandaya Qurban Qurbanov, U-21 milli komandaya isə Rəşad Sadıqov baş məşqçi təyin edildi. İki yerli məşqçi arasında sistemli fəaliyyət var idi. Hər iki məşqçi bu gün futbolda gedən prosesləri yaxından izləyirlər, yaxşı analiz qabiliyyətləri var.
Futbolda vacib məsələ baş məşqçi ilə futbolçular arasındakı münasibətdir. Bu münasibətlərdə problem olarsa, nəticəyə öz təsirini göstərir. Mən bir fakt deyim, Lüksemburqla oyunda Canne De Byazi elə bir heyətlə çıxdı ki, cəmiyyətin narazılığına səbəb oldu. Məsələn, nəyə görə Mahir Əmrəli ehtiyatda qalmışdı? O, "Legiya"da oynayır və Avropa kuboklarında yeni oyunçu olmasına baxmayaraq, artıq 5 qol vurub.
Azərbaycan tarixində elə bir hadisə olmayıb ki, futbolçumuz gedib xarici klubun heyətində qısa müddətdə belə uğur qazansın. Hamı onu əsas heyətdə gözlədiyi halda Canni De Byazi əksinə hərəkət etdi. Tək bu deyil, Namiq Ələsgərov da legionerlərimizdəndir, Türkiyədə oynayıb. Onun əsas heyətə salınmamsı komandanın daxilindəki mühitə də çox pis təsir etmişdi. Belə məsələlər isə meydana da sirayət edir.
2018-ci ildə milliyə Qurban Qurbanov baş məşqçi təyin olundu və bildirildi ki, ona 6 il vaxt verilir. İş elə gətirdi ki, 6 ay sonra onun kimi uğurlu məşqçini vəzifəsindən azad etdilər. Halbuki bu müddət çox az idi...
- Hazırkı vəziyyətdə milli komandaya yerli baş məşqçi gələrsə, nələr dəyişəcək?
- Yerli məşqçinin gəlməsi o demək deyil ki, futbolda dərhal hər şey dəyişəcək. Yerli məşqçi o deməkdir ki, o, futbolçuları tanıyır, milli çempionatı izləyir. Konkret proqram hazırlanır, sistem qurulur və illərə söykənən sistem yaranır. Bir neçə il sonra bu öz nəticəsini göstərməyə başlayır. Konkret mütəxəssislər yığışıb, futboldakı problemin kökünü həll etməlidir.
Bizim futbol sistemində 99 faiz xarici məşqçi özünü doğrultmayıb, nəticə verənlər başda Qurban Qurbanov olmaqla yerli məşqçilər olub.