9 Oktyabr 2021 21:53
348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın Peşəkar Jurnalistlər İttifaqının sədr müavini xanım Teodora Marinin 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun uğurları barədə analitik məqaləsi “Ultima Ora” (Son saat) qəzetinin çap və onlayn versiyalarında dərc edilib.

Teleqraf.com xəbər verir ki, müəllif məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadi tərəqqiyə nail olunduğu və Cənubi Qafqaz regionunun ən qüdrətli dövlətinə çevrildiyini bildirib. T.Marin Vətən müharibəsinin xronologiyasına diqqət çəkərək qeyd edib ki, müharibə dövründə Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tutub. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də hədəf seçib. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə sistemləri tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilib. Paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın bu müharibə cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450-dən çox insan yaralanıb.

Yazıda vurğulanıb ki, 44 günlük müharibə işğalçı Ermənistanın kapitulyasiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnib.


Müəllif: Teleqraf.com