12 Oktyabr 2021 19:45
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təəssüf ki, buraya evdə İrlandiyaya sensasiyalı məğlubiyyətdən sonra gəlmişik. Həm Bakıda oynadığımızdan, həm də təqribən 1 ay öncə Dublindəki yaxşı oyunumuzun fonunda qələbə qazanacağımızı düşünürdük".

Teleqraf.com xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İrlandiya yığmasına 0:3 hesabı ilə uduzduqları oyun barədə "Tuttomercato" nəşrinə müsahibəsində deyib.

İtaliyalı mütəxəssis bildirib ki, böyük hesablı məğlubiyyətə erkən qol buraxmaları səbəb olub: "Həqiqət budur ki, qol vurmaq üçün mübarizə aparırıq. Ümid edirəm, heyətdəki itkilərə baxmayaraq, Serbiya kimi yüksək keyfiyyətli komandaya qarşı matçda fərqlənə biləcəyik".

Seçmə mərhələdə bu gün Serbiyaya qarşı keçirəcəkləri matça da toxunan De Byazi rəqibin heyətində Duşan Vlahoviçi fərqləndirib: "Təəssüf ki, bu gün evdə bizə qarşı oynayacaq. Vlahoviç karyerasının zirvəsində olan futbolçudur. Düşünürəm ki, özünü nümunəvi peşəkar kimi apardığı müddətcə, "Fiorentina" azarkeşləri onu yalnız alqışlaya bilərlər".

Yığma üzvlərinin əksəriyyətinin Azərbaycan Premyer Liqasında oynadığını xatırladan 65 yaşlı baş məşqçi komandaların heyətinin 50 faizinin legionerlərdən ibarət olduğunu söyləyib: "Görüləcək işlər çoxdur, amma bilirəm ki, həyatda hər şey təsadüfən baş vermir. İşləmək şansınız varsa və bir neçə gənci üzə çıxara bilirsinizsə, bəlkə də sizi qane edəcək bir şey tapmaq olar. İndiyədək məqsədim sadə idi: bir komanda qurmaq və oraya 1998 - 2000-ci il təvəllüdlü gəncləri daxil etmək".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində bu gün Serbiyanın qonağı olacaq. Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Müəllif: Teleqraf.com