12 Oktyabr 2021 23:46
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2023-ün seçmə mərhələsində dördüncü oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız Xorvatiya ilə qarşılaşıb.

Bu, Milan Obradoviçin yetirmələrinin ardıcıl ikinci ev sınağı olub. Gənclər dörd gün əvvəl Finlandiya ilə qollu bərabərə (1:1) qaldığı Sumqayıtda eyni nəticəni təkrarlaya bilməyib. Komandamız səfərdə 0:2 hesabı ilə yenildiyi Xorvatiyaya bu dəfə daha böyük hesabla uduzub.

İqor Bişçanın kollektivi ilk hissədəcə vurduğu 4 cavabsız qolla matçın taleyini həll edib. Yığmamızın gücü yalnız penaltidən vurulan təsəlli topuna çatıb. 70-ci dəqiqədə Turan Vəlizadə qırmızı vərəqə almaqla gənclərimizi meydanda azlıqda qoyub. Qalan dəqiqələrdə qapısında daha bir top görən futbolçularımız darmadağına məruz qalıb. Xorvatiya isə itkisiz yoluna davam edərək, liderliyi ələ keçirib.

Avstriyadan (0:6) sonra ikinci böyükhesablı məğlubiyyətini alan komandamızın qələbə həsrəti ən azı bir ay da davam edəcək.

Qrupun bu gün keçirilən digər oyunlarında Norveç Estoniyanı 3:0, Finlandiya isə Avstriyanı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan yığması qrupda növbəti oyununu noyabrın 12-də Avstriyaya qarşı keçirəcək. Həmin görüşün “Bakcell Arena”da baş tutması gözlənilir.


Müəllif: Teleqraf.com