Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı (AKTİ), Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə təşkil olunan “Zəfər Liqası” futbol turnirinin final görüşü baş tutub.
Teleqraf.com xəbər verir ki, 8 noyabr – şanlı Zəfər Gününə həsr olunmuş turnirdə Azərbaycanın müxtəlif dövlət qurumlarını təmsil edən 12 könüllü təşkilatı mübarizə aparıb.
23 oktyabr – 5 noyabr tarixlərini əhatə edən turnir çərçivəsində ardıcıl olaraq qrup mərhələsi, 1/4 final, yarımfinal və final oyunları baş tutub. Həlledici mübarizədə “Könüllü Gömrükçü” və “ASAN Könüllüləri”ni təmsil edən komandalar üz-üzə gəlib. Yekunda “Könüllü Gömrükçü” komandası 3:2 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub.
Mükafatlandırma mərasimində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və AKTİ-nin sədri Yusif Vəliyev tərəfindən könüllülərə kubok və medallar təqdim edilib.